Cahangir Əsgərov vəzifəsindən azad edildi – Sərəncam

 01-09-2023

Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.

Cahangir Əsgərovla bağlı məlumatları təqdim edirik:

O, 1950-ci il iyul ayının 11-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1970-ci ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Bakı Birləşmiş Aviasiya Dəstəsində əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə Kremençuq Mülki Aviasiya uçuş məktəbini təyyarəçi ixtisası üzrə bitirdikdən sonra Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkask Birləşmiş Aviasiya Dəstəsinə AN-2 təyyarəsinin ikinci pilotu vəzifəsinə göndərilib.

Həmin il Azərbaycan Mülki Aviasiya İdarəsinin Zabrat Birləşmiş uçuş dəstəsinə keçirilmiş və burada 1977-ci ilədək aviasiya eskadrilyasının komandiri, uçuş dəstəsinin komandir müavini vəzifələrində uçuşlar həyata keçirib. 1978–1980-ci illərdə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin komandiri – Azərbaycan Mülki Aviasiya İdarəsinin hava limanının rəisi vəzifələrində işləyib.

1980-ci ildə Lenin orderi adına SSRİ Mülki Aviasiya Akademiyasını mühəndis-pilot ixtisası üzrə bitirib. 1980–1981-ci illərdə Azərbaycan Mülki Aviasiya İdarəsinin təlim-məşq dəstəsində AN-2 təyyarəsinin təlimatçı-pilotu kimi çalışıb.

1981–1984-cü illərdə Bakı Birləşmiş Aviasiya Dəstəsində Tu-134 təyyarəsinin ikinci pilotu kimi uçuşlar yerinə yetirib. 1984–1988-ci illərdə Tu-134 təyyarəsinin kapitanı, aviaeskadrilya komandirinin müavini, vəzifələrində çalışmış, 1988-ci ildə qeyd edilən təyyarə tiplərinin eskadrilya komandiri vəzifəsinə təyin edilib.

1991–1993-cü illərdə Azərbaycan Respublikası Uçuş Heyəti Assosiasiyası Həmkarlar İttifaqının prezidenti, daha sonra isə Azərbaycan Respublikası Aviasiya İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışıb.

1993–1996-cı illərdə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Türkiyə Respublikasında baş təmsilçisi vəzifəsində işləyib.

15 iyul 1996-cı ildə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilib. 01 may 2008-ci ildən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

2004-cü ildə namizədlik dissertasiyası müdafiə edib — texniki elmlər namizədidir. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvüdür.

Azərbaycan Respublikasının əməkdar pilotudur (2011), texnika elmləri namizədidir, Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri, dosentdir.

Bənzər yazılar

0.19013500213623