Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “Viktory Construction Group” MMC seçilib. Abadlıq işləri icra hakimiyyətinə 142 134,01 AZN-ə başa gələcək.
“Viktory Construction Group” MMC 11.04.2022-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Bədəlov Bəhruz Bayram oğludur. Bakı şəhəri Nərimanov rayonu, Çaykovski, ev 2, m. 21 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 50 manat təşkil edir.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.
“Viktory Construction Group” MMC 1 ildir yaranmasına baxmayaraq, tenderlərdə fəal iştirak edir.
Şirkət əsasən Qobustan, Siyəzən, Şabran və Hacıqabul rayon icra hakimiyyətləri və onlara tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması şərtdir.
Bir ilin şirkətinin bu kriteriyalara cavab verməsi bir qədər inandırıcı görünmür.
Bu arada qeyd edək ki, Hacıqabul Rayon İcra Hakimiyyəti ötən il abadlıq işlərinə 161.107,66 AZN xərcləyib.
Hacıqabulun icra başçısı Rüstəm Xəlilovdur. O, III, IV və V çağırış Milli Məclisin deputatı olub.