Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsində 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
MillətinSəsi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq, əlavə şahid qismində Qədir Əkbərov ifadə verib.
Təqsirləndirilən şəxs Yasin Məmmədovun vəsatəti əsasında məhkəməyə dəvət edilən Qədir Əkbərov MTN-də Xüsusi İnspeksiyanın rəisi olub.
Qədir Əkbərov bildirib ki, işlə əlaqədar Mövlam Şıxəliyevlə Yasin Məmmədovun ədavəti var. Onun sözlərinə görə, Mövlam Şıxəliyevin təqriri əsasında 3 dəfə Yasin Məmmədovla bağlı yoxlama aparıb.
Bundan sonra hakim Elbəy Allahverdiyev təqsirləndirilən şəxs Sahib Ələkbərovun ötən məhkəmə prosesində verdiyi vəsatətlə bağlı qərarını açıqlayıb.
Qərara görə, Sahib Ələkbərovun sabiq Baş prokuror Zakir Qaralovun və onun 1-ci müavini Rüstəm Usubovun məhkəmədə əlavə şahid qismində dindirilməsinə dair vəsatəti təmin edilməyib.
Ardınca hakim zərərçəkən Əfsəl Həsənəliyevin eyni məzmunlu vəsatətinin də təmin edilmədiyi açıqlayıb.
Bu qərar zərərçəkənlər və təqsirləndirilən şəxslərin etirazına səbəb olub.
Hakim sərbəst ifadə vermək üçün sözü təqsirləndirilən Mövlam Şıxəliyevə verib. Mövlam Şıxəliyev sərbəst ifadəsini məhkəməyə yazılı şəkildə təqdim edəcəyini bildirib. O, ittihamları qəbul etmədiyini məhkəmənin diqqətinə çatdırıb.
Mövlam Şıxəliyev deyib ki, ibtidai istintaq yarımçıq aparılıb, ona verilən ittihamlar əsassız olmaqla heç bir sübuta söykənmir: "Mən istintaq idarəsinin rəisi olduğum müddətdə kargüzarlıq etmişəm. Qərarları Baş Prokurorluq verib. Hər bir material, cinayət işi üzrə Baş Prokurorluğa məruzə olunub, orada verilən qərarlar üzrə işlər icra olunub”.
Mövlam Şıxəliyev zərərçəkən Elvar Əliyevlə bağlı peşmançılıq çəkdiyini deyib: “Elvar Əliyev məhkəmə binası önündə oğluma deyib ki, həbsdə olanda gözünə dərman tökülməli olub. Lakin ona dərman verilməyib. Bundan mənim xəbərim olmayıb. Mən bunu bilsəydim, özüm dərman alaraq ona verərdim”.
Zərərçəkən Elvar Əliyev isə ayağa qalxaraq Mövlam Şıxəliyevin yalan danışdığını bildirib: “Mən Mövlam Şıxəliyevin oğluna belə söz deməmişəm. Mənə, həqiqətən də, MTN-də gözümə tökməyə dərman verilmirdi. Mən sərbəst ifadəmdə bu haqda məlumat vermişəm”.
Mövlam Şıxəliyev iddia edib ki, zərərçəkənlərdən kimsə ona pul verdiyini deməyib. Bu yerdə zərərçəkən Nizami Kazımov Mövlam Şıxəliyevə bildirib ki, o, yalan danışır: “Məni MTN-dəki kabinetində 3 dəfə qəbul etmisiniz. Birinci dəfə dediniz ki, Vüsal Ələkbərovun istədiyi pulu ver. İkinci dəfə dediniz ki, vəkil Osman Kazımovdan imtina elə. Üçüncü dəfə artıq məndən pulu almışdınız. Məni kabinetə çağırıb söhbət elədiniz və yola saldınız. Burada yalan danışmayın”.
Mövlam Şıxəliyev zərərçəkənin sözlərinə reaksiya verməyib.
Bundan sonra dövlət ittihamçısı Mövlam Şıxəliyevə bir neçə sual verib. Prokuror müstəntiqlərin törətdiyi cinyətlərindən məlumatının olub-olmadığını soruşub.
Mövlam Şıxəliyev isə məlumatsız olduğunu deyib:
"Müstəntiqlər işi hazır şəkildə gətirib verirdilər, imzalayırdım və lazım olanda Baş Prokurorluğa yönəldirdim. Biləvasitə Rüstəm Usubovun verdiyi tapşırıqları yerinə yetirmişik. Mən kargüzarlıqla məşğul olmuşam. Ancaq hər bir şeydən xəbərim vardı. Çünki istintaq idarəsinin rəisi idim.
İbrahim Zeynalovdan 8 milyon manat alınmasını özünüz burada aydınlaşdırdınız ki, kimə çatıb.
Qoy prokurorluq bunu araşdırsın. İttiham alayarımçıqdır. Mənim Baş prokuror Kamran Əliyevə, onun 1-ci müavini Elçin Məmmədova hörmətim var. Mənə verilən ittiham əsassızdır. Müstəntiqlər barəmdə onlara düzgün məruzə etməyiblər. Qasım Məmmədov bizə qarşı qeyri-obyektiv mövqe tutub.
Məni siyasətə qarışdırmayın. Mən qərar verən şəxs olmamışam. Sadəcə görülən işlərə nəzarət eləmişəm. İbrahim Zeynalov xalça zavodu tikib. Ondan zavodun 40 faizini istəyiblər. Buna görə də mübahisə olub. Sonrasını da bilmirəm".
Növbəti proses iyunun 28-də davam edəcək.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.