Bu ilin mayın 7-də iş adamı Arzu Cabbarov Şəmkir rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Daxili İşlər Nazirliyi yaydığı açıqlamada bildirib ki, sahibkar özünə qəsd edib.
MİllətinSəsi.info xəbər verir ki, hadisə zamanı orada olan Yeganə Yusifova Meydan TV-yə bildirib.
Onun sözlərinə görə, iş adamının ölümündə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı olub.
Xanım bildirir ki, onun barəsində polis şöbəsində dələduzluq əməli ilə bağlı şikayət olub və polislər ona təklif ediblər ki, cinayət işi başlatmamaq üçün onların iş adamları ilə bağlı əməliyyatlarında iştirak etsin. Ona iş adamı Arzu Cabbarovun və digər üç nəfər sahibkarın nömrəsini veriblər.
Plana əsasən Yeganə Yusifova Arzu Cabbarovu görüşə çağırmalı, bu vaxt polis əməkdaşı qəfil otağa daxil olub çəkiliş etməli və bu çəkilişin yayılmaması üçün iş adamından külli miqdarda pul tələb etməli imişlər. Yeganə Yusifovanın dediyinə görə bu əməliyyat nəticəsində polislər ona 7 min manat verəcəklərini və beləliklə dələduzluq işi ilə bağlı borclarını bağlaya biləcəyini deyiblər.
Yeganə Yusifovanın sözlərinə görə polis əməkdaşı Etibar Yaqubov Arzu Cabbarovu təcili yardım maşını ilə xəstəxanaya aparıb. Yolda ikən iş adamı ailə üzvlərinə səsli mesaj göndərib.
İş adamı Şəmkir rayon Mərkəzi Xəstəxanasında can verib. Yeganə Yusifova deyir ki, bundan sonra şöbədə rəis müavini Bayram İsmayilov onu izahat yazmağa məcbur edib ki, guya onlar arasında mübahisə nəticəsində Arzu Cabbarov özünə xəsarət yetirib. Qadın onun üzərində xəsarət izləri tapılsın deyə polis əməkdaşlarının onu döydüklərini deyir: “Ekspert gəlirdi, ortada nəticə yox idi. Polis əməkdaşları Etibar və Feyruz məni döydülər ki, guya məni rəhmətlik (Arzu Cabbarov) döyüb. Məni möhkəm döydülər, dedilər, Bayram (rəis müavini Bayram İsmayilov) deyib”.
O, xəsarət izləri gedəndən sonra şöbədən sərbəst buraxıldığını deyir. Daha sonra polis əməkdaşları onunla danışaraq mərhumun ailəsinin onu axtardığını bildiriblər və ondan gizlənməsini tələb ediblər.
Yeganə Yusifova deyir ki, polislərin onu bu işdə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edəcəklərini anlayıb və işin əslini danışmağa qərar verib.
Mərhum iş adamının yoldaşı Zəminə Əhmədova deyir ki, Şəmkir polis şöbəsinin rəis müavini Bayram İsmayılovla yoldaşı arasında 4 il öncəyə dayanan bir mübahisə var idi. O deyir ki, yoldaşında hansısa qanunsuz hərəkət tapmağa çalışıb təhdid yolu ilə ondan pul almağa çalışırdılar. O, yoldaşının ölümündə polis əməkdaşlarını günahlandırır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirir ki, Yeganə Yusifovanın ittihamları yalandır.
Zəminə Əhmədova tələb edir ki, yoldaşının ölüm işində iştirak edən bütün polis əməkdaşları həbs olunsun. O, prokurorluqdan ədalətli araşdırma aparmasını istəyir.