“Kolleclərdə keyfiyyətli təhsilə nadir hallarda rast gəlinir”
Bunu Valyuta.az-a təhsil mütəxəssisi Qoşqar Məhərrəmov kollec məzunlarına əmək bazarında ciddi tələb olmaması ilə bağlı danışarkən dedi.
Q.Məhərrəmov bildirdi ki, kollec məzunları oxuduqları ixtisasa uyğun iş tapa bilirlər: “Amma bu işlər rəsmi, standartlara uyğun iş olmaqdan daha çox qeyri-rəsmi, formal prosedurları reallaşmayan, əmək müqaviləsi imzalanmayan, sığortasız işlər olur. Çünki insanlar bəzən məcbur olub işləyirlər. Kollec məzunları bir çox hallarda öz ixtisaslarına uyğun iş tapa bilmirlər”.
Mütəxəssisin sözlərinə görə, həmin şəxslərin iş tapa bilməmələrinin bir səbəbi aşağı keyfiyyətli kollec təhsilidir: “Yaxşı kolleclərimizin olmasına baxmayaraq, əksər kolleclərdə tələbələr oxuduqları ixtisası öyrənə bilmirlər. Çünki kolleclərdə keyfiyyətli təhsilə nadir hallarda rast gəlinir. Buna görə də, kolleclərdə ciddi islahatlar aparılmalıdır. Kolleclərin bağlanması düzgün addım olmaz. Onların inkişaf etdirilməsi lazımdır”.
Mütəxəssis digər bir səbəbin balı universitetlərə çatmadığı üçün kolleci seçilməsi halı olduğunu dedi: “Başqa çıxış yolu olmadığı üçün kollecdə təhsili seçənlərin hər hansı performans göstərməsi də çətin məsələdir. Amma bəzi nümunələr var ki, bir şəxs universitetə çox yaxşı hazırlaşa bilməyib. Ona görə əvvəl kollec, sonra universitet təhsili alır. Yaxud Azərbaycan Dövlət Pedaqoji Kollecin məzunları müəllimlərin işə qəbul imtahanında bir sıra hallarda universitet məzunlarından daha yüksək bal toplayır. Bu səbəbdən, hər kəsə müəyyən fürsətlər vermək lazımdır. Bir təhsil müəssəsinə daxil olmaq onun karyerasının son nöqtəsi olmalı deyil. Ona görə də, müəssisələr hər zaman yeni fürsətlərlə şagirdlərin, abituriyentlərin qarşısına çıxmalıdır”.
Mütəxəssisimiz xarici ölkələrdən nümunələr çəkdi: “Məlumdur ki, Almaniyada, Amerikada bu cür kolleclər var və insanlar universitetlərdən daha çox kolleclərə yönəlirlər. Ali məktəbdə oxumağa maddi olaraq gücü yetmədiyi üçün, onlar daha qısa yol olan kolleclərdə oxumağı seçirlər. Ona görə də, biz həmin müəssisələrin keyfiyyətini artırsaq, tələbələr daha yaxşı öz ixtisaslarını mənimsəsələr, rahatlıqla gedib öz ixtisaslarına uyğun iş tapa bilərlər”.