Gəncə sakini Səadət Hüseynova uzun illlərdir ki, şəkər xəstəliyindən əziyyət çəkir. İkinci qrup əlil kimi 268 manat pensiya alıb. Lakin ötən oktyabr ayında pensiyası kəsilib. Çıxılmaz vəziyyətdə qalan 52 yaşlı Səadət Hüseynova Baku TV-yə üz tutub.
“Mən 20 ilin şəkər xəstəsiyəm. Şəkər ürək, böyrək, qaraciyərimi sıradan çıxarıb. Gözlərim zəifləyib. İnsulini vura bilmirəm, uşaqlar çəkir vurur. Gündə 3 dəfə insulin qəbul eləyirəm. Başımdan əməliyyat olunmuşam. Böyrəyimin biri funksiyasını dayandırıb. 15 il idi pensiya alırdım, oktyabr ayından pensiyam kəsilib, səbəbini bilmirəm. Oktyabr ayından bəri bütün müalicələrim dayanıb”, - deyə S.Hüseynova bildirib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məsələ ilə bağlı açıqlama verildi ki, əlilliyi olan şəxsin əlillik müddəti başa çatdıqda həmin müddətin uzadılması üçün təkrar qiymətləndirmə aparılması məqsədilə tibb müəssisəsi tərəfindən sistemə göndəriş daxil edilməlidir. Səadət Hüseynovanın əlillik müddəti baş çatsa da, onun uzadılması barədə göndəriş daxil edilməyib. Göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq onun əlilliyinin təkrak qiymətləndirilməsi aparılacaq.