Hikmət Hacıyev: “Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”

 17-06-2022

“Türkiyə və Azərbaycan sülhsevər mövqelərini Ermənistana çatdırırlar. İki ölkə Ermənistanla münasibətləri normallaşdırmağa və sinxron şəkildə sərhədlərini açmağa hazırdır. Ancaq Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”.

“Report”un xəbərinə görə, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Azərbaycan mübarizəsini davam etdirəcək, qardaş Türkiyə ilə birlikdə Qafqazın yeni coğrafiyasını qururuq. Gözümüzün önündə qardaş ölkələr var. Eyni dildən, dindən olmalarına rəğmən savaşırlar. Bizim etdiklərimiz dünya üçün örnəkdir. Qardaşlığımız Mərkəzi Asiyadakı qardaş ölkələrimiz üçün də örnəkdir”, - H.Hacıyev qeyd edib.

Hikmət Hacıyev Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın hər kəs üçün çox önəmli olduğunu deyib: “Bu, təkcə türk dünyası üçün deyil, bütün dünya üçün önəmlidir. Biz dünyada bu günə qədər örnəyi olmayan qardaşlıq ittifaqı yaratdıq”.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi həm siyasi, həm geosiyasi, həm də simvolik əhəmiyyətə malikdir.

H.Hacıyev vurğulayıb ki, Şuşa bəyannaməsi zaman və məkan baxımından olduqca fərqli əhəmiyyət daşıyır: “Bəyannamə Türkiyə və Azərbaycan xalqlarının iradəsindən irəli gəlib. Bəyannamə bizim ittifaqımızı qanuna çevirdi. Bu, artıq hər iki ölkəni bir-birinə əbədi bağlayan qanun olaraq müəyyən edildi.

Bir mövzunu xüsusi vurğulamaq istəyirəm. Bu razılaşma liderlərimizin nə qədər uzaqgörən olduğunu göstərir. Çünki dünyada nələrin baş verdiyi gözümüzün qabağındadır. Biz dünya nizamının dəyişdiyi bir mühitdə Azərbaycan və Türkiyə arasında dostluğun strateji əhəmiyyətini vurğulayırıq”, - H.Hacıyev vurğulayıb.

Bənzər yazılar

0.40521597862244