“Azərbaycan 30 il əvvəl işğalla üzləşdikdə beynəlxalq ictimaiyyət susdu”.
“Report” xəbər verir ki, bunu IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev bildirib.
“Müstəqilliyinin ilk illərində Azərbaycan işğala və etnik təmizləməyə məruz qaldı. Biz Ukraynanın üzləşdiyi çətinlikləri başa düşürük, çünki 30 il əvvəl Azərbaycan da böhranla üzləşmişdi. Həmin vaxt Azərbaycan ədalətli yanaşmaya ümid etsə də, beynəlxalq ictimaiyyət susdu. Azərbaycana qarşı selektiv yanaşma nümayiş etdirildi. Söhbət Azərbaycandan getdikdə hamı susurdu”, - H.Hacıyev deyib.
O, həmin mürəkkəb zamanda Azərbaycan xalqını dəstəkləmiş və Ermənistanla diplomatik münasibətlər qurmamış Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanına öz təşəkkürünü bildirib: “BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edən ölkələr Baş Assambleyada bu hüquqdan niyə istifadə etdiklərini əsaslandırmalıdırlar”.
Qoşulmama Hərəkatının çox vacib bir platforma olduğunu vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur: “Sadəcə beynəlxalq hüquq və prinsiplərə ciddi şəkildə riayət edilməlidir”.