AZAL xalqın, dövlətin başına BİR BƏLA OLUB

 16-06-2022

Deputat Elman Məmmədov və Fazil Mustafa AZAL-ı sərt tənqid edib.

MillətinSəsi.info Gununsesi.info-ya istinadən bildirir ki, deputat Cahangir Əsgərovun ictimai rəylə hesablaşmadığını deyib:

“Azərbaycanda AZAL deyilən bir qurum var. Bu qurum Azərbaycan xalqının, dövlətinin başına bir bəla olub. Görünür, bu quruma rəhbərlik edənlər xalqın vəziyyəti, problemləri ilə maraqlanmaq yox, özlərinin maddi durumlarını yaxşılaşdırmaq üçün çalışırlar.

AZAL-ın təyyarə biletləri təkcə qardaş Türkiyəyə yox, bütün istiqamətlərdə bahadır. Bütün şirkətlər arasında ən baha bilet AZAL-ındır. Deputatlarımız, vətəndaşlarımız tərəfindən bu narazılıqlar daim səsləndirilir. Bu işin öhdəsindən gəlmək, bunlara “dur” deyən lazımdır”.

Milli Məclisin üzvü, BQP başqanı Fazil Mustafa isə “Feysbuk” statusunda yazıb ki, Naxçıvana təyyarəyə bilet tapılmır və onlarla adam zəng edib, ondan kömək istəyir:

"Əməlli-başlı dərəbəylikdir. Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir.

Üstəlik, əldə etdiyim məlumata görə, bu biletlər gizli şəkildə məlum turizm şırkətlərinə satılır. Nə veclərinə, əhali əziyyət çəksin, turizm şirkətləri qazansın. Günlərlə kassa qarşısında növbəyə durub, 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı?

Sadəcə ayıb olsun, ar olsun deyirəm! Onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin. Sabah Milli Məclisdə sözümü bu mövzuda deyəcəyəm”.

Onu da bildirək ki. son vaxtlar Azərbaycan Hava Yollarının (AZAL) uçuşlarla bağlı vətəndaşlara təqdim etdiyi qiymətlər ciddi narazılıq doğurur. Sərnişinlərin əksəriyyəti aviabiletlərin digər ölkələrlə müqayisədə baha olmasından şikayətlənir və qiymətlərə yenidən baxılmasını tələb edirlər. 

Xüsusilə, quru sərhədlərinin bağlı olmasını nəzərə alsaq, AZAL-ın bilet qiymətləri vətəndaşlar üçün əməlli-başlı problemə çevrilib.

İyun ayının 15-i və ondan sonra ən yaxın tarixə olan aviareyslər üzrə ekonom klass yerlərin qiymətlərini təqdim edirik:

  • Bakı – Ankara – 298,27 AZN
  • Bakı – İstanbul – 429,55 AZN
  • Bakı – Aktau – 190,32 AZN
  • Bakı – Moskva – 692,24 AZN
  • Bakı – Tbilisi – 225,97 AZN
  • Bakı – London – 483,78 AZN
  • Bakı – Berlin – 459,08 AZN
  • Bakı – Milan – 482,58 AZN
  • Bakı – Praqa – 515,23 AZN
  • Bakı – Minsk – 710,31 AZN
  • Bakı – Dubay – 344,11 AZN
  • Bakı – Daşkənd – 341,71 AZN

Qeyd edək ki, qiymətlər bir istiqamət üzrə nəzərdə tutulub.

Göründüyü kimi, aviabiletlərin qiyməti kifayət qədər yüksəkdir və heç də hamının büdcəsinə uyğun deyil. Xarici ölkələrə səfərə hazırlaşan vətəndaşlar qiymətlərin azaldılmasını təklif etsələr də, hələ müsbət nəticə əldə olunmayıb.

Bənzər yazılar

0.31858205795288