İşsizliyin qarşısını necə almaq olar?

 02-08-2023

“Hazırda Azərbaycan hökumətinin işsizliklə mübarizə strategiyası dövlət şirkətlərində ştat nominklaturasının sayının artırılması ilə gedir”. 

Bu sözləri Valyuta.az-a Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli “işsizliklə mübarizə aparmaq üçün hansı tədbirlər görülməlidir” sualına cavab verərkən deyib. 

İqtisadçı qeyd edib ki, bu gün Azərbaycanda təxminən 2 milyona yaxın insan dövlət şirkətlərində çalışır. Amma insanları dövlət şirkətlərinə cəlb etməklə işsizliyi aradan qaldırmaq məhdud üsuldur:

"Bu yolla işsizliyə qarşı mübarizə aparmaq düzgün deyil. Bu büdcə vəsaitlərinin lazım olmayan yerə xərclənməsidir. Dövlət şirkətlərində təkrar və paralel vəzifələr üzrə ştatlar yaradılıb. Bu yolla işsizliyin aradan qaldırılması büdcənin imkanları ilə məhdudlaşır. Dövlət büdcəsi nə qədər imkan verirsə, o qədər işçi cəlb etmək olur”. 

Akif Nəsirli işsizliyin aradan qaldırlması ilə bağlı bir neçə təklif sadalayıb:

"Təklif edirəm ki, Azərbaycan hökuməti ilk növbədə sahibkarlığa, özəl sektorun inkişafına münbit şərait yaratmalıdır. Bunun üçün ölkədə inhisarçılığın miqyası müəyyən edilməlidir. Hökumət inhisarçılığa qarşı mübarizə aparmalıdır. Dövlət şirkətlərinin 90-95 faizi özəlləşdirilərək, özəl sektor kimi fəaliyyət göstərməlidir ki, hökumətin yükü azaldılsın, yalnız idarəetmə ilə məşğul ola bilsin.

Hökumət iqtisadiyyatla məşğul olmalı deyil, iqtisadiyyatı özəl sektora verməlidir. Yəni ilk növbədə hökumətin inhisarçılığı aradan qaldırılmalı, daha sonra inhisarçılığa qarşı mübarizə aparmalı və bu həddi minimum səviyyəyə gətirməlidir. Belə olan halda ölkədə rəqabətli mühit yaranacaq. Rəqabətli mühit isə sahibkarlığın inkişafının əsas şərtlərindən biridir”. 

Akif Nəsirli bildirib ki, növbəti addım kimi qanunun aliliyi təmin olunmalı, vətəndaşların mülkiyyət huququna zəmanət verilməlidir: 

“Hər bir şəxs bilməlidir ki, qanun hamı üçündür. Məhkəmələr müstəqil olmalıdır. Vətəndaşlar məhkəmələrin hər zaman ədaləti bərpa edəcəyinə inanmalıdır. Ölkənin bütün sahəsində şəffaflıq, hesabatlılıq, dürüstlük təmin olunmalıdır. Yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən sahibkarlığın inkişaf yolunda olan bütün maneələr aradan qaldırılmalıdır.

Belə olan halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar çoxalacaq, istehsal, milli gəlir artacaq. Bununla yanaşı, həmin artımlar da iş yerlərinin artmasına gətirib çıxaracaq. Əmək bazarının yenidən formalaşmasına səbəb olacaq. Azərbaycanda rəqabətli əmək bazarı formalaşacaq. İşsizliyin də qarşısını əsasən bu əmək bazarı olacaq və işsizlik azalacaq”.

Bənzər yazılar

1.4394240379333