Ötən gün saxlanılan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu barəsində həbs qəti imkan tədbiri seçilmək üçün Nərimanov Rayon Məhkəməsinə gətirilib.
Prosesdə istintaq orqanının təqdimatına baxılıb və Q.İbadoğlu barəsində məhkəmə qərarı elan olunub.
Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki o, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə feto ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.