Azərbaycanda taksi xidmətlərinin qiymətinin artdığı bildirilir.
“Bolt”, “Uber” və “Yango” taksiləri üçün minimum gediş haqqı bu gündən 2,50 manata yüksəlib.
Bu barədə məlumat verən sərnişinlər bildirirlər ki, əvvəllər bu qiymət 1-1,5 manata bərabər idi.
Məlumat üçün bildirək ki, taksi şirkətləri əsasən, “yüksək təlabat” zamanı qiymət əmsalını yüksəldir. Bununla gediş haqqında bahalaşma olur.
Taksi xidmətləri ilə bağlı parlament və nazirlik səviyyəsində müzakirələrin aparıldığı zaman, həmçinin yeni qərarların qəbul edildiyi ərəfədə oxşar xəbərlər yayılmışdı. Lakin sərnişinlərin hamısı bu məlumatları təsdiqləməmişdi.
Sözügedən şirkətlər ictimaiyyətə qiymət artımı ilə bağlı informasiya verməyib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Valyuta.az-a açıqlamasında bildirib ki, qiymət artımı taksi xidmətlərinin maya dəyəri və satış qiymətlərinin bahalaşması ilə bağlı ola bilər:
“Son dövrlər hökumətin bu istiqamətdə ortaya qoyduğu ardıcıl mövqe, hazırlanan hüquqi çərçivələr, fəaliyyətin lisenziyalaşdırılması, həmçinin müəssisələrin fəaliyyətində keyfiyyətlə əlaqədar qaldırılan məsələlərin həlli fonunda yaranan əlavə xərclər son nəticədə gətirib taksi xidmətlərinin maya dəyəri və satış qiymətlərində öz əksini tapıb. Böyük ehtimalla taksi xidmətləri də yaxın məsafə üçün qiymətləri məhz bu fonda qaldırıb".
Digər tərəfdən, həmsöhbətimizə görə, qiymət artımı adıçəkilən şirkətlərin karter sövdələşməsi də ola bilər:
“Bu şirkətlər qiymətləri eyni gündə artırıbsa, bu artıq karter sövdələşməsinin mövcudluğuna dəlalət edir. Belə vəziyyət isə gələcəkdə əlavə digər problemlər yaradacaq. Gələcəkdə bu şirkətlər arasında növbəti karter sövdələşməsi olsa, qiymətlər zaman-zaman bahalaşacaq. Bu da öz növbəsində əhalinin istehlak imkanlarına mənfi təsir göstərəcək”.