Qarışıq tullantıları necə qablaşdırmalı?

 24-07-2023

"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində monitorinqlər zamanı qarşıya maraqlı məqamlar çıxır.

Məlumdur ki, yay mövsümündə bir tərəfdən kənd təsərrüfatı mənşəli qida məhsulları tez qoxuyan tullantıların həcmini bir neçə dəfə artırır, digər tərəfdən isə həmin məhsulların isti hava şəraitində sürətlə çürüməsi ətrafa xoşagəlməz, kəskin qoxu yayır. Üstəgəl, həmin tullantının şirəsinə yığılmış həşəratlar ətraf mühit və əhali üçün digər problemlərə yol açır.

Belə ki, bu cür antisanitariya milçək və digər həşəratların çoxalmasına, bununla da onların xəstəlik yayma potensialının artmasına münbit şərait yaradır. Bu prosesin qarşısını almaq üçün şəhər əhalisi ilk növbədə mənzillərdə yaranan bu tip qarışıq tullantıları qısa müddət ərzində tullantı-toplanış məntəqələrinə aparmalıdır.

Yəqin ki, çoxlarınız heç olmasa bir neçə dəfə yaşadığınız binaların liftində və ya girişlərində qonşularınızın üfunət qoxuyan tullantı apardığının şahidi olmusunuz. Hətta, bəzən belə tullantıların qoxusu bir neçə saat liftlərdən çəkilmir. Belə tullantılar tullantı-toplanış məntəqəsində hansı mənzərənin yaratdığını isə hamımız təsəvvür edirik.

Çünki biz hər gün tullantı-toplanış məntəqələrində belə halların şahidi oluruq. Bu problemi aradan qaldırmaq üçün bir məsələni yuxarıda qeyd etdik - qoxu verə bilən tullantıları uzun müddət evdə və ya həyətdə saxlamaq olmaz, belə tullantı dərhal tullantı-toplanış məntəqəsinə daşınmalıdır.

Lakin belə tullantıları mənzilinizdən və ya həyətinizdən çıxarmazdan əvvəl onu ağzı kip bağlana bilən polietilen torbalara yığın və torbanın ağzını elə bağlayın ki, oradan iy-qox çıxmadığına əmin olasınız. Yalnız bu əminlik hasil olduqdan sonra həmin qarışıq tullantını tullantı-toplanış məntəqəsinə apara bilərsiniz.

Biz layihə çərçivəsində müvafiq dövlət qurumları və tullantı daşıyan özəl şirkətlərə təkliflər verəcəyik ki, şəhər əhalisini hansısa formada belə polietilen torbalarla təmin etsinlər. Amma biz sakin olaraq da hələlik öz fərdi təşəbbüsümüzlə belə torbalar əldə edib, iyli-qoxlu tullantıları həmin torbalara, iyi ətrafa dağılmayacaq səviyyədə paketləyə bilərik. Polietilen torbalar elə qablaşdırma materialıdır ki, ağzı kip bağlandıqda onun içərisindəkinin ətirli piroq və ya üfunət qoxuyan tullantı olduğu bilinmir.

Ona görə də biz qarışıq tullantıları polietilen torbalarda kip paketləşdirməklə tullantı-toplanış məntəqələrini xoşagəlməz iy-qoxdan xilas edə bilərik.Bu işi Bakı şəhərinin bütün sakinləri asanlıqla həyata keçirə bilər. Ətrafda hara baxırsan, yalnız gözə polietilen torbalar dəyir, onlar həyatımızda boldur. Küləkli havada paytaxt səmasını "bəzəyən" bu torbalardan qeyd etdiyimiz məqsədlər üçün səmərəli istifadə etmək olar.

Beləliklə, biz qarışıq tullantıları kütləvi şəkildə yuxarıda qeyd etdiyimiz formada qablaşdirsaq, paytaxt Bakının tullantı-toplanış məntəqələrini üfunət iyindən və həşəratların toplaşdığı məskəndən səliqəli və iysiz bir məkana çevirə bilərik.

Gəlin, sağlamlığımız və paytaxtımızın gözəlləşdirilməsi naminə əl-ələ verək və bu işin də öhdəsindən gələk!
Bakılılar, gəlin, Bakı şəhərini tullantı qoxusundan xilas edək!

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində hazırlanıb.

Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Bənzər yazılar

0.1129949092865