93 min şəxsə 104 min sosial ödəniş təyinatı APARILDI

 11-06-2022

44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinin, müharibədə yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərin sosial ödənişlərlə təminatı istiqamətində müharibədən sonra elə ilk günlərdən müvafiq işlərə başlanıb.

MillətinSəsi.info xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələri və qazilərin sosial  ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Nazirlik tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların sosial ödənişlərlə təminatı da əsas fəaliyyət istiqamətlərindən biridir.

Müharibədən sonra bununla bağlı xüsusi işçi qrup yaradılıb, şəhidlərin ailələri ziyarət edilib, onlara sosial təminat hüquqlarına dair məlumatlar verilib.

Şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsində yaralanmış və müalicə bitdikdən sonra əlillik təyin edilmiş hərbi qulluqçulara onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət)  təyin olunub.

"Müharibə veteranı" adı verilmiş şəxslərə də 2022-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdünün təyinatı prosesi proaktiv qaydada həyata keçirilərək yekunlaşdırılıb.

Beləliklə, postmüharibə dövründə şəhid ailələrinin üzvləri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb.

2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60% artırılıb.

Postmüharibə dövründə Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü, Vətən müharibəsinin veteranlarına Prezidentin aylıq təqaüdü təsis olunub.

H.Məmişov son 4 ildə köklü sosial islahatlar çərçivəsində şəhid ailələri və müharibə əlillərinin sosial ödənişlərində də ciddi artımlar olduğunu vurğulayıb, jurnalistlərin suallarını cavablandırıb.

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib ki, Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb.

Müharibə əlilləri üçün 1-ci dərəcə üzrə 165 manatdan 400 manata çatdırılıb,1-ci dərəcə əlilliyi olanlara təqaüd (80 manat) təsis olunub, 2-ci dərəcə üzrə 143 manatdan 350 manata çatdırılıb, 3-cü dərəcə üzrə 110 manatdan 300 manata çatdırılıb.

Müharibə əlillərinə müavinətə gəldikdə isə, 1-ci dərəcə üzrə 101 manatdan 220 manata çatdırılıb, 2-ci dərəcə üzrə 81 manatdan 180 manata çatdırılıb, 3-cü dərəcə üzrə 73 manatdan 120 manata çatdırılıb.

Ölkə üzrə orta aylıq pensiya artımı isə 70 faiz olub. Postmüharibə dövründə şəhid ailələri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyin olunub. Şəhid ailələri üzvləri 7979 nəfərə 15943 sosial ödəniş, müharibə əlillərindən 2935 nəfərə 5870 sosial ödəniş, müharibə veteranlarından 81 856 nəfərə 81 856 ödəniş təyinatı aparılıb.

Bənzər yazılar

0.20721697807312