Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023-cü ilin iyul ayının 12-də “İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 153.128 manat, qalibi isə “Formul” (Vöen: 1307189931) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sifarişçi olduğu satınalmada qalib elan etdiyi “Formul” MMC 2021-ci ilin iyun ayının 10-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi, ev 202, mənzil 14 ünvanı, qanuni təmsilçisi isə Əhmədov Cəlil Mirqiyas oğludur. “Formul” MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları barədə açıq internet resurslarında məlumata rast gəlinmir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023-cü ilin iyul ayının 12-də “İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan etdiyi “Formul” MMC heç də sifarişçi müəssisəyə yad olan təşkilat deyil. “Formul” MMC-nin qanuni təmsilçisi Əhmədov Cəlil Mirqiyas oğlunun qanuni təmsilçisi olduğu daha bir MMC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sifarişçi olduğu satınalmada qalib elan edilib.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2022-ci ilin sentyabr ayının 29-da “Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müxtəlif tədbirlərin və layihələrin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 94.926 manat smetası olan bu satınalmada “MACİS CONSULTİNG” (VÖEN: 2005840331) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
“MACİS CONSULTİNG” MMC 2019-cu ilin sentyabr ayının 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani, ev 17, mənzil 17, qanuni təmsilçisi isə Əhmədov Cəlil Mirqiyas oğludur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müxtəlif layihələr və tədbirlər təşkil edəcək “MACİS CONSULTİNG” MMC-nin də fəaliyyət profili, müvafiq lisenziyaları, işçi qüvvəsi, maddi bazası barədə açıq internet resurslarında məlumat yoxdur.
Fəaliyyət profilləri və lisenziyaları barədə açıq internet resurslarında məlumat olmayan, qanuni təmsilçisi eyni şəxs olan “Formul” və “MACİS CONSULTİNG” MMC-lərin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iki lot üzrə ümumilikdə 248.054 manatlıq satınalmada qalib elan edilməsi bir sıra suallara yol açır.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən mövqe öyrənib. İdarənin açıqlamasında deyilir:
“Hər iki müsabiqə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilmişdir. Sözügedən müsabiqələrdə iştirak edən iddiaçıların təqdim etdiyi bütün qiymət təklifləri tender komissiyası tərəfindən qiymətləndirildikdən sonra “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun 6-cı maddəsində göstərilən tələblərə uyğun gələn və ən sərfəli təkliflə çıxış edən şirkət (şirkətlər) qalib elan olunmuşdur. Tenderin nəticələri haqqında yekun protokol tərtib edildikdən sonra protokolun surəti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.5-ci maddəsinin tələbinə əsasən müvafiq dövlət qurumlarında qeydə alınmışdır. Nəzərinizə çatdırırıq ki, keçirilən müsabiqələr barədə ictimaiyyətə açıq olan məlumatlar Dövlət satınalmalarının vahid internet portalının müvafiq bölmələrində yerləşdirilmişdir.
Bundan əlavə, qanunvericiliyə əsasən müxtəlif illərdə və müxtəlif müsabiqələrdə iştirak edən şirkətlərin təsisçisinin eyni şəxs olması həmin şirkətlərin müsabiqələrdə iştirakını məhdudlaşdırmır. Müraciətinizdə qeyd olunan digər iddialar da tamamilə əsassızdır. Onu da qeyd etmək lazımdır ki, keçirilən tender prosedurlarında şəffaflıq və dövlət büdcəsinə qənaət edilməsi prinsipləri, eyni zamanda qanunvericiliyin tələbləri hər zaman diqqət mərkəzində saxlanılır”.
Mehriban Vəliyeva
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevadır.
O, 2020-ci ilin dekabr ayında bu vəzifəyə təyin edilib.