Lotu Qulinin adamı ABŞ-a ekstradisiya ediləcək

 18-07-2023

Çexiyanın ədliyyə naziri Pavel Blazek Gürcüstan vətəndaşı olan kriminal avtoritet Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında əmr imzalayıb.

Bunu Çexiyanın “Pravo” qəzeti yazıb.
 
Əslən azərbaycanlı olan P.Ömərovun yaxın bir neçə gün ərzində ekstradisiya prosesi həyata keçirilməlidir. Barəsində beynəlxalq axtarış qərarı olan kriminal avtoritet yanvar ayında Çexiyada saxlanılıb və o vaxtdan həbsdədir.
 
P.Ömərovun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib.
 
Praqa Şəhər Məhkəməsi mayın sonunda P.Ömərovun ABŞ-a, o cümlədən Gürcüstan və Qazaxıstana ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb. Bu ölkələr də onun cinayət məsuliyyətinə cəlb olunması üçün Çexiyadan ekstradisiyasını tələb ediblər.
 
Çexiya mətbuatı yazır ki, P.Ömərov Rusiya və Ukraynadakı azərbaycanlı icmalarına qarşı terror törədən mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.
 
Qeyd edək ki, sözügedən şəxs mərhum "Qanuni oğru" Lotu Qulinin (Nadir Səlifov) klanına daxil idi. O, kriminal aləmdə Nadir Səlifovun qardaşı Namiq Səlifovun sağ əli kimi də tanınırdı.

Bənzər yazılar

0.40919494628906