Mövlam Şıxəliyevin istintaqdan yayındırdığı ƏMLAKI – SİYAHI

 08-06-2022

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, indi həbsdə olan general Mövlam Şıxəliyevin özünün və ailə üzvlərinin Bakının mərkəzində təkcə bir binada beş mənzili var. Söhbət metronun “Sahil” stansiyasının üstündə yerləşən çoxmərtəbəli binadan gedir.

MillətinSəsi.info xəbər verir ki, bu barədə “Azadlıq” radiosu özəl mənbələrinə istinadən xəbər yayıb. Məlumata görə, sözügedən binanın 10, 39, 40, 72-ci və daha bir mənzili MTN generalının qızı Samirə Əliyevanın, oğlu Elgün Şıxəliyevin və başqa qohumlarının adına rəsmiləşdirilib.

“Bu mənzillər arasında sahəsi 198 və 167 kvadratmetr olanı da var. İkisi 137 kvadratmetrlikdir. Sahəsindən asılı olaraq, mənzillərin qiyməti 650-800 min manat arasındadır”, – məlumatlı mənbə belə bildirib.

Şıxəliyevin Fəvvarələr Meydanında – Nizami küçəsi-78-də yarım milyon manatdan çox dəyəri olan obyekti və elə həmin yerdə evinin olduğu bildirilir: “Bundan başqa, Dövlət Opera və Balet Teatrının yanında yarım milyonluq bir mənzili, Mahnı Teatrının civarında oğlunun adına təxminən 400 min manat qiyməti olan daha bir mənzili var. Bunlar da hamısı deyil. Novxanıda 1.5 milyon dəyəri olan bağ evi, torpaq sahələri, metronun “Nərimanov” stansiyasının yaxınlığında 400 kvadratmetrlik mənzili, “8-ci kilometr”də qiyməti 1 milyonu aşan obyekti var. Hələ bögələrdəki əmlakları, Bakıda nisbətən ucuz qiyməti olan evləri bu siyahıya daxil deyil”.

MTN işi üzrə prosesə qatılan vəkillərdən biri adının çəkilməməsi şərtilə “Azadlıq” radiosuna bildirib ki, Şıxəliyevin işini araşdıran prokurorluq da bu əmlaklardan xəbərdardır. Onun sözlərinə görə, generalın toplam 7 milyon 700 minlik əmlakının üzərinə məhkəmə qərarıyla həbs qoyulub. Onların arasında sadalanan ev və obyektlər də var.

Xatırladaq ki, general Şıxəliyev ötən ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs edilir. Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən çox vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı.

Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə suçlanırlar. Lakin onların heç biri, o cümlədən Şıxəliyev ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

Bunlar əsasən Bakının mərkəzində bahalı mənzillər, obyektlər, Novxanıda içində 1000 kvadrat metrdən böyük mənzil tikilmiş bağ evi və başqa onlarla daşınmaz əmlaklardır. Bu əmlaklar generalla yanaşı, onun həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Nəqliyyatda Baş Polis İdarəsində əməliyyat müvəkkili çalışmış Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və başqa qohumlarının adınadır.

Söhbət aşağıdakı əmlaklardan gedir: – Səbail rayonu, Nizami küçəsi 78 ünvanında (Fəvvarələr meydanı), 482 min manat dəyərləndirilmiş obyekt, – Nizami küçəsi 78, mənzil 6 ünvanında 214 min manat dəyərləndirilmiş ev, – Səbail rayonu, Nizami küçəsi 96, mənzil 37 ünvanında 360 min manatlıq ev, – Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 400 000 manat, – Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında, 974 min manat dəyərləndirilmiş obyekt, – Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9-25, mənzil 63 ünvanında yerləşən ev; Dəyəri 31 500 manat, – Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı. Dəyəri 39 528 manat, – Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 37 600 manat, – Novxanı kənd, 686 ünvanında yerləşən 214,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak.

Dəyəri 257 172 manat, – Novxanı kəndi, 685V ünvanında yerləşən 1087,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 1 305 240 manat, – Nərimanov rayonu, M.Əlizadə küçəsi ev 134a ünvanında 403 kvadrat metr sahə, Dəyəri 1 milyon 452 min manatlıq ərazi, – Səbail rayonu, Bülbül prospekti 7 ünvanında yerləşən binada, ümumilikdə 3 milyon 397 min dəyərləndirilmiş 5 mənzil, – Binəqədi rayonu, Novxanı kəndində 1 milyon 305 minlik bağ evi, – Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 26 240 manat, – Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kvadratmetr əmlak. Dəyəri 17 000 manat. İstintaqın diqqətindən yayınanlar: – Xaçmazda “Çoban Bulaq” İstirahət Mərkəzi, ümumi dəyərinin 10 milyon manat civarinda olduğu bildirilir, – “Sahil” metrosunun üstündəki dəbdəbəli binada istintaqın diqqətindən yayınan 2 obyekti, – Binəqədi rayonu, Novxanı kəndində daha 2 imarəti, – Bakıdakı məşhur “Praqa” restoranı, – “Praqa” restoranının altındakı market, – Metronun “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu” stansiyaları ətrafında mebel mağazaları şəbəkəsi. Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir.

Bənzər yazılar

0.25836706161499