Vəzifəsindən azad edilən Mustafa Babanlı kimdir?

 10-07-2023

Prezident İlham Əliyevin sərəncamı ilə Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilib.

Mustafa Babanlı ilə bağlı məlumatları təqdim edirik.

Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllim ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989–cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamışdır.

M. Babanlı 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, “Bərk cisimlərin fizikası” ixtisası üzrə, “İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001-2010-cu illərdə dosent, 2010-2015-ci illərdə professoru vəzifəsində işləmişdir. 2010-2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.

27 fevral 2008-ci ildə Azərbaycan Texniki Universitetində texniki elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək “materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. Mustafa Babanlı Azərbaycan Texniki Universitetinin nəzdində D-02.171 Dissertasiya Şurasının, həmçinin Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilmişdir. Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının üzvüdür.

Ailəlidir, 2 qızı, 1 oğlu var.

M.Babanlı AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.

Bənzər yazılar

0.34589505195618