“Azərbaycanda taxılçılıqla bağlı çox ciddi və köklü problemlər var”.
Bu sözləri Valyuta.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ölkədə taxılçılıqla bağlı sahədə olan problemlər haqqında danışarkən deyib.
Akif Nəsirli deyir ki, bu sahədə problemlər bir neçə istiqamətdədir:
“Məsələn, Hacıqabul rayonunda 50000 hektar sahə suvarma suyunun çatımazlığı səbəbindən 20 ilə yaxındır ki, becərilmir. Burada Pirsaat su anbarı var. Bu anbarın dərinliyi də 18 metrdi. 18 metrin 12 metri lil ilə dolub. Anbarı lildən təmizləsələr, buna bərabər bir anbar da tiksələr, həmin 50000 min hektar sahənin hər hektarından 50 sentner buğda götürsələr, 250000 ton buğda deməkdir.
Yəni Azərbaycanın tələbatının təxminən 10 faizi qədər. Bu o deməkdir ki, Azərbaycanın 10 faizinin tələbi neçə illərdir Hacıqabul rayonunda əkilmir. Bir neçə il bundan öncə həmin anbarın lilinin təmizlənməsi üçün vəsait ayrılmışdı. Bu vəsait hara xərcləndi bilmirəm, amma anbarın içindəki lildən layihə çərçivəsində bir kiloqram da olsa, çıxartmadılar. Bu milyonlarla manat pulda korrupsiyanın yeminə çevrildi. Hacıqabul əhalisi də su olmadığına görə pay torpaqlarının 1 hektarını 3-4 min manata satdılar. Yəni bu sahədə problemlər çoxdur. Mən misal olaraq təkcə Hacıqabulun adını çəkdim”.
İqtisadçı bildirir ki, Azərbaycanda nə qədər sahələr var ki, su çatışmazlığından boş qalıb. Və ölkədə bu problemi də aradan qaldırmaq da mümkündür:
“Çünki kifayət qədər su resursları var. Bu su resursları da idarə etmək mümkündür. Suyun saxlanması üçün anbarlar tikiləməli, tikilmiş anbarların içi lildən təmizlənməlidir. Ölkədə 260-a qədər irili-xırdalı su anbarları var. Bunların da 10-15 faizi güclə işləyir. Azərbaycanın 500-600 min hektar suvarılan torpağı var. Ərazimizdə il ərzində 30-35 milyon kvadrat metr su əmələ gəlir. Yəni bizdə su ehtiyatları çoxdur. Bu ehtiyatları da saxlamaq, lazım olanda istifaəd eləmək lazımdır”.
Akif Nəsirlinin sözlərinə görə bu sahədə digər problem fermerlərə verilən subsidiyalardır:
“Bu subsidiyalar çox səmərəsiz şəkildə verilir. Verilən subsidiyanın yalnız 25 faizi nağdlaşdırıla bilər. Qalan 75 faizini isə Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlərdən fermerlər təsərrüfat vəsaitləri almalıdır. Bu şirkətlər də xaricdən keyfiyyətsiz vəsaitləri gətirib baha qiymətə fermerlərə satır. Məsələn, toxum, gübrə və s. məhsullar keyfiyyətsizdirsə, oradan necə yüksək məhsuldarlıq gözləmək olar. Buna görə də məhsuldarlıq aşağı düşür”.
İqtisadçı qeyd edib ki, burda həm də seleksiya işlərinin aparılması çox vacib məsələlərdən biridir:
"Başqa ölkələrdən yüksək məhsuldarlıq verən buğda növlərini gətirib yerli şəraitə uyğunlaşdırmalıyıq. Seleksiya aparılıb yüksək məhsuldarlılığı olan yerli sortlar yaradılmalıdır. Bunun üçün də ölkədə potensial var. Bunlardan istifadə etmək lazımdır. Bütün bu problemləri aradan qaldırıb indiki taxıl zəmilərində məhsuldarlığı 27-28 snetnerdən 50 sentnerə qaldırsaq, Azərbaycan buğda idxal edən ölkəyə çevrilə bilər. Ona görə də bu sahə ilə məşğul olan mütəxəssislərə çox ciddi ehtiyac var”.