Sent-Luisdəki Vaşinqton Universitetinin Tibb fakültəsinin alimləri müəyyən ediblər ki, yoxsulluq içində yaşamaq uşaq beyninin struktur əlaqələrinə zərər verə bilər.
Qaynarinfo.az xəbər verir ki, araşdırma "JAMA Network Open" jurnalında dərc olunub.
Müəlliflər 9-10 yaş arası təxminən 9 min uşağın məlumatlarından istifadə ediblər. Onların səhhəti ən azı 10 il nəzarətdə saxlanılıb.
Tədqiqatçılar müəyyən ediblər ki, yoxsulluq şəraitində yaşayan uşaqlarda beynin ağ maddəsində su molekullarının hərəkəti çətin olub - bu, onlarda suyun hərəkətinə struktur maneələrin yaranması ilə bağlı ola bilər. Bundan əlavə, beynin bəzi bölgələrində daha çox maye olub ki, bu da beyində iltihabı göstərə bilər. Yetkinlərdə beyində xroniki iltihab əvvəllər demans və sinir sisteminin digər pozğunluqları ilə əlaqələndirilirdi.
"Ağ maddənin bütövlüyü beyin inkişafı üçün çox vacibdir. Onun azalması uşaqlarda vizual-məkan və psixi sağlamlıq problemləri ilə əlaqələndirilir", deyə alimlər izah ediblər.
Müəlliflər tərəfindən aşkar edilən ağ maddədəki bəzi dəyişikliklər uşaqlıqda piylənmə riskinin yüksək olmasına və zehni funksiyaların azalmasına səbəb ola bilər. Alimlər hesab edirlər ki, sonuncu qismən yoxsulluq şəraitində yaşayan uşaqlar üçün zənginləşdirici sensor, sosial və zehni stimullaşdırma imkanlarının məhdud olması ilə bağlıdır.