40 azərbaycanlı çətin durumda: “Moldovada stadionda qalırıq, çox soyuqdur” - FOTO/VİDEO

 11-03-2022

Hazırda Ukraynadan Moldovaya keçib Azərbaycana gəlməyi gözləyən yüzlərlə vətəndaşımız var. Onlardan biri də Sabirabad rayon sakini Telman Bayramovdur.

O, Moldovadakı vəziyyətlə bağlı Bakupost.az-a danışıb.

Bildirib ki, hər gün bir qisim insan Azərbaycana yola salınır:

“Martın 5-də Ukraynanın Sumı şəhərindən ailə üzvlərim və qohumlarımla birlikdə 15 nəfər Moldovaya keçdik. 6 gün yolda olduq, amma 3 gündür ki, Moldovanın Kişinyov şəhərində stadion kimi bir yerdə qalırıq. Düzdür, çox soyuqdur, amma qida ilə bağlı elə də çətinlik yoxdur.

İndi 40-a yaxın azərbaycanlı var burada. Dünən 60-70 soydaşımız Vətənə yola salınıb. Hamını sıra ilə yola salırlar. Hər gün Azərbaycanın Moldovadakı səfiri özü gəlib maraqlanır. Martın 13-də ailəm təyyarə ilə Vətənə yola düşəcək, mən isə avtobusla gedəcəyəm. Buradan bizi avtobusla Rumıniya aeroportuna aparacaqlar, oradan isə Bakıya 3 gündən bir uçuş olur.

Təyyarə ilə yaşlılar, qadınlar, 5 yaşına qədər körpə uşaqlar üçün Azərbaycana uçuş biletinin pulu dövlətimiz tərəfindən ödənilir. Kişilər avtobusla gələrsə, adam başına 95 dollar ödəməlidirlər”.

Bənzər yazılar

0.47398400306702