“Nizaməddin Quliyevə 25 min rüşvət verdim” - Sabiq baş həkim

 02-03-2022

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısının həbsdə olan sabiq müavini Ramiz Tatarovun istintaqa verdiyi bəzi ifadələr məlum olub.

MillətinSəsi.info "report"a istinadla xəbər verir ki, o, dindirilən zaman deyib ki, həbsdə vəfat edən Ağstafa RİH-in keçmiş başçısı Nizaməddin Quliyev həmin rayonun mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində çalımış Fatma Vəliyevanı dəfələrlə otağına çağıraraq danlayıb və onu işdən çıxardacağını bildirib.

R.Tatarov qeyd edib ki, daha sonra F.Vəliyeva onun yanına gələrək N.Quliyevin ondan rüşvət istədiyini söyləyib: “Dedim ki, "əgər Nizaməddin Quliyev səndən rüşvət istəyirsə, pulunu ver və işində qal". Daha sonra Nizaməddin Quliyev məni yanına çağıraraq, Fatmanı işdən çıxaracağını vurğuladı. Tapşırdı ki, Fatma pul gətirəndə ona deyim. Nizaməddin Quliyev Fatmadan 20 000 manat rüşvət istədi. Fatma Vəliyeva isə ümumilikdə 25 500 manat pulu mənə gətirib verdi. Mən də həmin məbləği Nizaməddin Quliyevə təqdim etdim”.

F.Vəliyeva şahid qismində istintaqa verdiyi ifadəsində bildirib ki, o, Ağstafa rayonu Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə R.Tatarov 2019-cu ilin may ayında onu otağında çağıraraq, N.Quliyevin tapşırığı ilə xəstəxanaya avadanlıqların alınması üçün ayrılmış pulun 20 faizini verməli olduğunu deyib: “Xəstəxanaya ayrılan vəsait üzrə onlara çatası 20 faizi, yəni ümumilikdə 25 500 manat pulu Ramiz Tatarova onun xidməti otağında verdim. O da həmin pulu Nizaməddin Quliyevə çatdırıb".

Sabiq baş həkim deyib ki, 2019-cu ilin dekabr ayının əvvəllərində N.Quliyev yenidən ondan xəstəxanaya ayrılan əməliyyat və avadanlıqların alınması xərclərinin 20 faizini, yəni 19 500 manat pulu ona verməyi tələb edib: “Lakin həmin pulu vermədim”.

Qeyd edək ki, N.Quliyev və R.Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanada koronavirusdan vəfat edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.

Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.

Xatırladaq ki, F.Vəliyeva 2020-ci ildə Ağstafa Rayonu Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib.

Bənzər yazılar

0.14394783973694