Xəstəxanada 3 yaşlı uşağa lazımsız və artıq dozalı iynə vuruldu

 22-06-2023

Azərbaycanda səhiyyəsində bəzi həkimlərin yerli-yersiz dərman yazmaları barədə xəbərlərə tez-tez rast gəlmək olar.

Təəsüf ki, yazılan dərman və iynələr bəzi hallarda ya təyinatı üzrə olmur, ya da dozası artıq olur.

Bu dəfə də savadsız həkimin qurbanı olanlardan biri 3 yaşlı uşaq olub.

Ölkə.Az-a müraciət edən azyaşlının ailəsi bildirib ki, pişik uşağı cırmaqladığından ehtiyat tədbiri olaraq yaşadıqları ərazidəki Ə.D.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına müraciət ediblər.

Xəstəxananın tibb bacısı tərəfindən körpəyə quduzluq əleyhinə, bud nahiyəsinə peyvənd iynəsi vurulub.

İnyeksiyadan qısa müddət sonra körpənin hərarəti artmağa başladığından valideynləri narahat olaraq onu növbəti dəfə xəstəxanaya, lakin bu dəfə özəl tibb müəssisəsinə aparıblar.

Pasiyenti qəbul edən pediatr Sevinc Abdullayeva körpənin ailəsinə bildirib ki, quduzluq iynəsinə ehtiyac olmadığı halda, üstəlik, azyaşlının yaşına uyğun olmayan doza tətbiq olunub.

O, yuxarıda adı keçən xəstəxanın verdiyi sənədə əsasən bu qənaətə gəlib.

Belə ki, tibb müəssisəsi inyeksiyadan sonra valideynlərə “pişik dişləməsi” ilə bağlı arayış təqdim edib.

Uşaqlarının canını əmanət etdiyi xəstəxananın qeyri-peşəkar davranışından şikayətçi olan ailə eyni halın başqa uşaqların başına gəlməməsi üçün mətbuata üz tutublar.

Qeyd edək ki, valideynin sözlərinə görə, zərurət yaranarsa, sözügedən arayışı və tibb bacısının səs yazısını redaksiyaya göndərə bilərlər.

Bənzər yazılar

0.38323998451233