Hakerlərin əsas müştəriləri ərlərini güdən QADINLARDIR - Onları həbs GÖZLƏYİR

 03-06-2022

Sosial şəbəkələrin əsas problemlərindən biri kibercinayətkarlıqdır. Dəfələrlə kibercinayətkarlıqla (hakerlik) məşğul olan şəxslərin “müştəri”lərini aldatmaları və buna görə də saxlanılmaları barədə məlumatlara rast gəlmişik. Elə bir neçə gün əvvəl də “Whatsapp” yazışmalarını ələ keçirmək vədi ilə 394 nəfəri aldadan 22 yaşlı oğlan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldı.

Bəs görək, hakerlərə ən çox kimlər və nə üçün müraciət edirlər?

Sualı kibertəhlükəsizlik mütəxəssisi Elman Mütəllim cavablandırıb. O, Lent.az-a açıqlamasında sosial şəbəkədə belə xidmət təklif edənlərin fırıldaqçılar olduqlarını qeyd edib:

“Ümumilikdə hakerlik fəaliyyəti kibercinayətkarlıqdır və qanunla qadağandır. Bu xidməti göstərənlər də hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülür və saxlanılırlar. Onlara əsasən “Instagram” hesablarının sındırılması, mesajların oxunması və s. kimi müraciətlər edilir. Amma əksər hallarda müraciət edənlər aldadılırlar.

Belə ki, kibercinayətkarlıqla məşğul olanlar müştərilərindən təqdim etdikləri kart hesabına pul göndərmələrini istəyirlər. Pul göndərildikdən sonra isə yoxa çıxırlar. Çünki onsuz da, Azərbaycanda bu xidmət aktiv deyil və qanunsuzdur. Hətta bunu bacaran şəxslər varsa da, qanunazid olduğu üçün belə xidmət göstərmirlər. Əgər sosial şəbəkələrdə rastınıza belə elanlar və hakerlik xidməti göstərənlər çıxsa, bilin ki, fırıldaqçılardır. Çox təəssüf ki, ən çox müraciət edənlər - həyat yoldaşlarının şifrələrini ələ keçirmək istəyən xanımlardır”.

Hüquqşünas Şamil Paşayev də hakerlərin və onların müştərilərinin cinayət məsuliyyəti daşıdıqlarını dilə gətirib:

“Şəxsi, yaxud ailəvi məlumatların, video, foto və s. görüntülərin yayılması, satılması Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə məsuliyyətə səbəb olur. Həmçinin şəxsin kompüterinə daxil olaraq, onun məlumatlarını götürmək də kibercinayətkarlıq hesab edilir. Konkret olaraq, hakerlik edənlər bu məcəllənin 156 və 271-ci maddələri ilə məsuliyyətə cəlb olunurlar. Onlara müraciət edərək xidmət tələb edənlər də Cinayət Məcəlləsinin 32.4-cü maddəsi ilə təqsirli bilinirlər. Həmin maddəyə görə, hədə-qorxu gəlmək, ələ almaq, sövdələşmək və s. üsullarla başqa şəxsi də cinayət əməlinə vadar edənlər təhrikçi sayılırlar. Müştərilər bu maddədə göstərilən hallarla başqasının şəxsi məlumatlarını ələ keçirmək istədikləri halda həmçinin 156 və 271-ci maddələrlə cinayət məsuliyyətinə cəlb olunurlar”.

Bənzər yazılar

0.37654685974121