Dövlət Xidməti ilə şərab zavodu arasında qalmaqal

 17-06-2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “A+CO” ASC (Xırdalan Şərab Zavodu) barəsində inzibati protokol tərtib edib.

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) ilə ittiham irəli sürülüb.

Bu maddədə vəzifəli şəxslərin üç min manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

ASC isə qərardan şikayət verib. İşə Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.

Ötən il “A+CO” ASC-nin (Xırdalan şərab zavodu) əməkdaşı tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin mənimsənilməsi barədə Şəki Rayon Prokurorluğuna müraciət daxil olub. 

Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalarla ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə satış bölməsinin satış təmsilçisi vəzifəsində işləyən Rza İbrahimovun 01.02.2021-ci il tarixindən 03.06.2022-ci il tarixədək tam maddi məsul şəxs kimi ASC-nin ona etibar edilən ümumilikdə 110 min 851 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

İşin nəticəsi barədə açıq mənbələrdə məlumat yoxdur. 

Bənzər yazılar

0.33556294441223