Cavanşir Paşazadə: "Qazilərimiz səbirli olsunlar, bu cür aksiyalar Ermənistana zövq verir"

 02-06-2022

“Qazilərimizin zəhməti, 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri xidmət, qəhrəmanlıqlar hər birimizin qəlbindədir. Cənab Prezidentin qazilərlə bağlı verdiyi tapşırıqların, onlara göstərilən diqqət və qayğının şahidiyik. Prezident İlham Əliyev çıxışında da vurğulayıb ki, bəzi nöqsanlar hələ də qalır, məsələlərin həlli ləngiyir. Problemləri həll etməyə çalışırıq.

Xaricdə müalicə alan qazilərimiz var, onlar üçün müasir protezlər hazırlanır. Onların evlə bağlı müəyyən problemləri var. Cənab Prezident çıxışlarında şəhidlərimizi, qazilərimizi unutmur. Lakin bəzi şəxslər var ki, yalandan hərbi forma geyib, özlərini qazi adlandırırlar, qazilərimizin, şəhid ailələrimizin adından istifadə edirlər, özlərini onlara bənzədirlər. Bəzi saxta yollarla qazi adını qazanırlar. Bütün bunların hamısını dövlət çox yaxşı bilir. Narazılıqlar da yarananda, onlara reaksiya verəndə, öz ətraflarında müəyyən qədər insanları yığıb, gedib aksiya keçirirlər”.

MillətinSəsi.info xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

O bildirib ki, qazilərimizin, şəhidlərimizin qəhrəmanlıqlarına, göstərdikləri xidmətə kölgə salanlar az deyil:

“Bilsinlər ki, bu cür görüntülərə təkcə biz yox, Ermənistan da, xaricdə oturub dövlət əleyhinə danışanlar da baxır. Bu cür hallar Ermənistana zövq verir. Qazilərimizdən bir qədər səbirli olmalarını xahiş edirik. Bilirik ki, onların arasında canları ağrıyan da var, haqlı olanlar da çoxdur.

Dövlətimiz onların hər birinə dəstək verməyə çalışır. Yaxın zamanda bu məsələlərin hər biri bağlanacaq. Bizim daxilimizdə olub, dövlətin çörəyini yeyən, bizimlə yanaşı oturub, işləyən insanlar arasında dövlətimizi istəməyənlər də var. Belə insanların dediklərinə uymasınlar. Öz dövlətinə, xalqına, Ali Baş Komandanına dəstək olsunlar. Necə ki, 44 günlük müharibədə cənab Prezident onların yanında, onlar da cənab Prezidentin yanından olmuşdular, indi də öz dəstəklərini əsirgəməsinlər”.

Bənzər yazılar

0.22584390640259