İyunun 13-də Azərbaycan Respublikasının birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.
Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.
İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan "Hacı Bani" hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Türkiyə və Azərbaycanın birinci xanımları - Əminə Ərdoğan və Mehriban Əliyeva İçərişəhərdə olublar.
Bu barədə Türkiyənin birinci xanımı özünün “Twitter” hesabında paylaşım edib.
“Azərbaycan Prezidentinin xanımı, dostum Mehriban Əliyeva ilə Bakının tarixi özəyi olan İçərişəhərdə oldum. UNESCO tərəfindən ən qədim yaşayış məskəni kimi qorunan bu müstəsna bölgə bir çox fərqli mədəniyyətin izlərini daşıyır”, - deyə Türkiyə liderinin xanımı yazıb.