“2023-cü ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Aqşin Qabil oğlu Bəbirov və Hüseyn Əhliman oğlu Axundov saxta ittihamlarla azadlıqdan məhrum ediliblər”.
Bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, bu dövr ərzində onlar vəkillə təmin olunmayıblar, müxtəlif işgəncələrə və pis rəftara məruz qalıblar və beləliklə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.
“Təəssüflə qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı dəfələrlə edilən müraciətlərə baxmayaraq, düşmənçilik mövqeyini hələ də davam etdirən Ermənistan hakimiyyəti həmin şəxslərin həbs müddətini uzatmaqla növbəti dəfə beynəlxalq hüququn tələblərini heçə sayaraq, aparılan sülh danışıqlarına zərbə vurmaq niyyətini nümayiş etdirib.
Ermənistan tərəfindən keçirilmiş qondarma “məhkəmə prosesi” nəticəsində hərbi qulluqçularımızın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və bu günlərdə onlardan birinin həbs müddətinin uzadılması ilə bağlı verilmiş qərəzli “qərar”ın beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olduğunu bildirir və əsgərlərimizin dərhal azad olunmasını bir daha qəti şəkildə tələb edirik.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq ictimaiyyəti bir daha əsirlikdə olan hərbi qulluqçularımızın azad edilməsi məqsədilə ciddi və təsirli addımlar atmağa çağırıram”, - məlumatda qeyd olunub.