Valideynlər övladlarını bağçaya qoymaq üçün niyə kiməsə zəng etmək məcburiyyətində qalırlar?

 10-06-2023

Xüsusən son dövrlər valideynlər övladlarını uşaq bağçasına, orta məktəbə qoya bilmək üçün hansısa deputata, məmura zəng etmək məcburiyyətində qalırlar. Uşağının daha etibarlı dövlət bağçalarına, məktəblərinə getməsini istəyirsənsə, yalnız hansısa direktora “tapşırıq”la bu arzuna çata bilərsən.

Valideynlər bildirirlər ki, övladlarını bağçaya, məktəbə qəbul üçün elektron qeydiyyatdan keçirlər, bütün sənədləri qaydasında olduğu halda, bəzən süni maneələr yaradılır - ya yerlər tez dolur, ya da sistemə müdaxilə edilir.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib ki, şagirdlərin məktəblərə, azyaşlıların isə bağçalara qəbulu zamanı yaranan problemlərin kökündə duran əsas iki  səbəb var.

“Birincisi, texniki çatışmazlıqlar, ikincisi isə, valideynlərin məlumatsızlığı. Sırf bu səbəbdən hər il istər məktəbəqədər tədris, istərsə də orta ümumtəhsil müəssisələrində analoji problemlər yaşanır. Bir çox valideyn uşaqlarını elektron sistem vasitəsilə məktəbə qeydiyyatdan keçirə bilmirlər. Şagirdlərin məktəblərə, körpələrin bağçalara qəbulu zamanı hər il rastlaşdığımız analoji problemlərin qarşısını almaq üçün təcili sürətdə  bir neçə addım atılmalıdır.

Əvvəlcə onu deyim ki, bir zamanlar sırf bu məqsədlə yaradılan Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyətləri yenidən bərpa edilməli və gücləndirilməlidir. Elektron qəbulun həyata keçirildiyi ilk ildə Bakı şəhəri üzrə 52 məktəbdə AQM yaradıldı. AQM-lər valideynləri üzləşdikləri çətinliklərdən xilas edirdi. Sonradan ehtiyac meyarı nəzərə alınaraq, bu mərkəzlərin sayı artırıldı.

2017-2018-ci tədris ilində artıq Bakı şəhəri üzrə 66 məktəbdə AQM fəaliyyət göstərirdi. Məsələnin neqativ tərəfi budur ki, valideynlərə hava-su kimi lazım olan AQM-lər, demək olar, yalnız paytaxtda vətəndaşlara xidmət göstərirdi. Reallıq budur ki, hazırda texniki bilgiləri o qədər də inkişaf etməyən, xidmətdən düzgün yararlana bilmədiyi üçün övladının da işini ləngidən valideynlər hələ də çoxdur.

Məsələnin sonradan problematik mərhələyə çatmasında əsas səbəblərdən biri də məhz budur. Elektron sistemin xidmətindən  vaxtında və doğru-düzgün yararlanmayan valideyn sonradan həll yolunu yalnız “tapşırıq” vasitəsilə həyata keçdiyini vurğulayır”.

E.Nurinin sözlərinə görə, məsələdə nöqsanlı tərəf, təbii ki, yalnız valideynlər deyil:

“Valideyn amili burada yalnız bir elementdir. Elektron qəbulu həyata keçirən server xidməti özü-özlüyündə keyfiyyətli və yüksək standartlara cavab verməlidir. Hər il serverdə yaranan boşluq məsələnin bu prizmadan  heç də ürəkaçan olmadığına bir sübutdur. Günahı yalnız valideynlərin də üzərinə atmaq olmaz.

Onlar problemi yaradan halqanın sadəcə bir qoludurlar. Digər səbəblər isə nazirliyə tabe olan elektron qəbul sistemindəki boşluqlardır. Əgər hər il məktəblərə elektron qaydada qəbul zamanı server xətaları yaranırsa, deməli, texniki göstəricilərdə də ciddi problemlər var. Gəlin, müqayisə aparaq: ötən il birinci siniflərə qəbul olunan uşaq sayı 158 608 nəfər olub. Deməli, ən azı bu qədər valideyn həmin serverdən istifadə edib. Bu qədər təhsilalanın datalarını özündə qoruyub-saxlamalı olan bir server texniki cəhətdən də yüksək standarta cavab verməlidir.

Müraciət sayı serverin gücünə adekvat olmalıdır. Ona görə də qurumlar hansısa imtahan və ya ərizə qəbulu üçün qeydiyyata başlayanda müraciətçilərin təxmini statistikasını nəzərə almalıdırlar. Sürət zəif olduqda qeydiyyat növbəsi yaranır ki, belə olan halda saytda müəyyən gecikmələrin baş verməsi normaldır. İmtahanlara uyğun alternativ qeydiyyat linkləri yaradılmalıdır”.

Tədqiqatçının fikrincə, problemin kökündə duran əsas amil isə əhali sıxlığıdır:

“Şagird sayının çoxluğu da əhali sıxlığı ilə adekvatdır. Lakin buna baxmayaraq, vacib analoji addımın atılmasında geri qalırıq. Elm və təhsil nazirinin jurnalistlər üçün keçirdiyi son brifinqdə ən çox qabardılan problemlərdən biri də məktəblərdə, siniflərdə şagird sıxlığıdır.

Dəfələrlə, xüsusən də Xırdalan şəhərindəki şagird sıxlığının, şagirdlərin məktəblərə qəbul edilə bilinməməsinin səbəbləri vurğulandı. Məlumdur ki, bu gün ölkə əhalisinin böyük əksəriyyəti işsizlik problemi səbəbindən paytaxtda məskunlaşıb. Məktəblərin şagird qəbuletmə limiti isə tələbatı tam ödəmir. Amma belə olan təqdirdə də biz mikroərazi prinsipinin tətbiqindən əl çəkmirik.

Yəni bu prinsipə görə, şagirdlər yalnız qeydiyyatda olduğu ərazi üzrə məktəblərə qəbul edilə bilərlər. Bu da təbii ki, Xırdalan kimi çox əhalisi olan yerlərdə ciddi problem yaradacaq. Ən azı valideynin iş yeri amili nəzərə alınsa, yəni uşaq valideynin işlədiyi ərazidəki məktəblərə qəbul edilə bilsə, bunun özü sıxlığı aradan qaldıran səbəblərdən olar”.

Bənzər yazılar

0.21146297454834