Elm və Təhsil nazirinin “səriştəsizliyi”, yoxsa, “əlifba” problemi?

 26-05-2023

Hamı təhsilə görə Elm və Təhsil naziri Emin Əmrullayevi qınayır, amma heç kəs dönüb özünə baxmır.

Nə desin nazir? Desin ki, uzun illər rüşvətə dadanmış nataraz direktorlar, rüşvət verib cəmiyyəti pozan valideynlər və s. həbs olunsunlar? Problemin nüvəsini dilə gətirmək imkan xaricindədirsə, bir nazir nə etməlidir? Əlbəttə, şaftalı sözünü düz yaza bilməyən müəllimi qınamalı, ya dərslərin filan vaxt başlanmasını gündəm etməli və ya bu kimi 4-cü, 5-ci məsələlərdən danışıb yola verməlidir də. Başqa nə edə bilər bizimlə?! Rüşvətin istila etdiyi xəstə mühitdə xəstə başlarla nəsə etmək olarmı?! Bir deyil, iki deyil, 10 deyil, 100 deyil….

Eyyuhənnas (ey camaat)! Bilin və agah olun: Təhsildəki problemin əlifbası rüşvətdir! Bu üzüqara əlifbanı dəyişməyincə biz dəyişməyəcəyik, vəssalam. Qalanları palavra! Özümüzü, düşüncəmizi bədnam əlifbanı dəyişmək istiqamətində səfərbər etməsək, yüz nazir dəyişsək də, təhsilimizin marşrutu dəyişməyəcək!

Şəxsən tanımasam da, camaatın münasibətindən belə başa düşürəm ki, E.Əmrullayev “səriştəsiz” nazirdir, deyilmi? Məsələn, bəzi “çoxbilmiş” sələfləri, nazirlər, rektorlar, direktorlar, akademik-alimlər kimi rüşvət, sövdələşmə, “yaxşılıq etmə”, altdan-altdan iş görmə vərdişləri ilə xalqı eyforiyaya, yaxud sakit ölümə qapdıra bilmir. Görünür, bu işdə son dərəcə təcrübəli sələflərinin üsul və üslubunu mənimsəməyib. Bu 3-4 ildə təhsil cəbhəsindən xalqın anasını ağlatmağın incə metodologiyasına yiyələnə bilməyibsə, deməli, zəif nazirdir, deyilmi?!

“Adam o boyda elm və təhsilin başçısıdır, di gəl ki, villaları, biznes şəbəkələri, pulla, peşkəşlə saxladığı jurnalist ordusu, qoruyucu trolları və s. yoxdur. Belə şeymi olar, ay qardaş?!”

Təhsili təkcə cibgir, büdcəgir nazirlər, nazirliyin milyonçu aparat işçiləri, oğru-rüşvətxor şöbə müdirləri və bu qəbildən olanlar deyil, həmçinin əyriliyə səcdə edən bizlər bu günə qoymuşuq: məktəb partalarından tutmuş universitet auditoriyalarına qədər. Təhsildəki bərbad vəziyyət xalq olaraq bizim sifarişimizin məhsuludur.
Deməli, təhsili düzəltmək istəyiriksə, ilk növbədə özümüzü düzəltməliyik.

İdris Abbasov, professor

Bənzər yazılar

0.36121392250061