Tahir Kərimli gecə küçəyə çıxan gəncləri tənqid etdi: “Qızlı-oğlanlı bədənlərini “döydürüblər”

 24-05-2023

“Gənclər niyə ancaq gecə küçəyə çıxmaq istəyirlər? Deməli, bunlar işləmirlər də, faydalı işlə məşğul olmurlar. Yoxsa gecə rahat yatarlar ki, səhər durub işə getsinlər. Nə üçün bunlar küçəyə ancaq elə qısa paltarda çıxmaq istəyirlər? Buna “əyləncə” adı da verməzdim. Doğrudur, dünya dəyişir, indi internet əsridir, bütün xəbərlər hamıya çatır, dünyanı idarə edənlərdə də Qərb dövlətləridir. Qərb dövlətlərində isə bizim mentalitetimizə uyğun olmayan cəhətlər var. Çox təəssüf ki, onların texnoloji üstünlükləri nəticəsində həmin mənfi tendensiyalar bizə gəlib çatır.

Buna görə də, gərək gənclər ailələrin - valideynlərin qadağa qoymasını başa düşələr. Onlar özləri də valideyn olacaqlar. Yəqin, belə düşünürlər ki, öz övladlarına sərbəstlik verəcəklər. Yoxsa əks halda, bilərdilər ki, valideynləri doğru deyir. Bu nə deməkdir ki, Bakıda gecə gəzəsən, yaxud şortda?! Bizim mentalitetdə bu şeylər ayıb sayılır. Bu, ümumi tendensiyaya, xasiyyətə çevrilməməlidir. İnsanlar ətraflarına hörmət qoymalı, sevginin, məhəbbətin müqəddəsliyini dərk etməlidirlər. Ailə həyatı quracaqlarsa, onlar belə açıq-saçıqlıqla necə ailə quracaqlar? Yəqin, ya faktiki nikahda olacaqlar, ya da sabah heç hüquqi cəhətdən nikaha da ehtiyac duymayacaqlar. Bunlar öz gələcəklərini necə görürlər? Belə düşüncəylə necə öz gələcəklərini quracaqlar? Bununla hara gedirlər? Düşünməlidilər...”

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Kərimli Bakıda gənclər arasında keçirilən sosial sorğunun sosial şəbəkələrdə paylaşılan görüntüləri barədə danışarkən deyib.

“Bu ki özbaşınalığa, ailə həyatının darmadağın olmasına, yüngül əxlaqa gedib çıxır. Bu nə deməkdir? Bəzən maşınla keçəndə, ya piyada gəzəndə görürəm ki, qızlı-oğlanlı bədənlərini “döydürüblər”, gərəksiz hərəkətlər edirlər. Nə deməkdir? İnternet məkanı da tam əxlaqsızlıqla doludur. Buna görə də valideynlərin həyəcan təbili çalması, qadağalar qoyması tam doğrudur”.

Deputat bildirib ki, Bakıda gecələr təhlükəsizliyin o qədər də təmin olunmadığını düşünən gənclər də var:

“Bizim uğurlarımızdan biri elə budur ki, Bakıda, ümumilikdə Azərbaycanda sabitlik var, təhlükəsizlik təmin olunur. Heç kim bu təhlükəsizliyi poza bilməz. Hər bir kəs də bilməlidir ki, ictimai qaydaları, normaları, mənəvi dəyərləri gözləməlidir. Bizdə əxlaq polisi yoxdur, amma onların əxlaqsızlıq sayılan hərəkətlərinə iradlar tutulmasını da başa düşməli, bu yoldan qayıtmalıdırlar. Doğrudur, belə bir deyim var: uşaq valideynindən çox, zəmanəsinə bənzəyər.

Zəmanənin təzyiqi altında çətin ki, mənim kimilərin, ağsaqqalların sözü keçsin. Amma yenə də bununla belə sağlam düşüncəli gənclərə müraciət edirəm ki, ətraflarında təbliğat aparsınlar, mənəvi dəyərlərimizi sınmağa qoymasınlar. Yaxşı, bu, kapitalizmdirsə, Yaponiya və digər ölkələrdə də var, amma onlar müəyyən qədər mənəvi dəyərlərini qoruyub-saxlayırlar. Bizim isə başımızın tacı olan əxlaqımız, İslam, Qafqaz, türk, azərbaycanlı mentalitetimiz var və bu, gözlənilməlidir. Gənclər kənardan gələn yan təsirlərdən canlarını qurtarsınlar, onlarda müqavimət gücü yaransın. Əhli-keflik fayda verməz - nə özlərinə, nə ailələrinə, nə də dövlətə...”

Bənzər yazılar

0.19559001922607