Ailə, Qadın və Uşaq Porblemləri üzrə Dövlət Komitəsi cari ilin ikinci yarısında müvafiq dövlət proqramlarının öhdəlikdə olan bəndlərinin icrası məqsədilə və fəaliyyət istiqamətindən irəli gələn əlamətdar günlər üzrə tədbirlərin təşkilinin satın alınması üzrə tenderə yekun vurub.
Qaynarinfo.az xəbər verir ki, tenderin qalibi "Şahdağ Mehmanxana” MMC olub. Komitə ilə MMC arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 959 576 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reystr məlumatlarında "Şahdağ Mehmanxana” MMC-nin 6 may 1989-cu ildə qeydiyyata alındığı göstərilib. MMC-nin nizamnamə kapitalı 91 166 AZN, qanuni təmsilçisi isə Rəhmanlı Qəmbər Aydın oğludur.
"Şahdağ Mehmanxana” MMC-nin hüquqi ünvanı isə Quba rayonu Quba şəhəri, Y. Qasımov küçəsi, ev 66-da yerləşir.
Açıq mənbələrdə "Şahdağ Mehmanxana” MMC və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur.
Bircə o bəllidir ki, MMC bundan əvvəl ASC kimi fəaliyyət göstərib. 2015-ci ildə ASC-nin səhmləri satışa çıxarılıb. Səhmlərin satışı üzrə investisiya müsabiqəsində "A and J Liftinq” MMC qalib seçilib.
Bu şirkət 16 noyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 510 540 AZN olan şirkətin qanuni təmsilçisi Məhərrəmzadə Əlibala Səttar oğludur.