Azərbaycanda "Meymun çiçəyi" xəstəliyinə YOLUXMA VAR?! - İLK ÖLÜM Nigeriyada QEYDƏ ALINIB

 30-05-2022

Hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış meymunçiçəyi ilə bağlı durum ciddiləşir. 

Xəstəliyin Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya, Portuqaliya, Çex, Praqa və bu yaxınlarda isə İranda qeydə alındığını nəzərə alsaq, Azərbaycanda da bu xəstəliyin aşkar edilməsi mümkündür. 

Bəs, ölkəmizdə bununla bağlı vəziyyət necədir?

Səhiyyə nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Bizim.Media-ya açıqlamasında Azərbaycanda meymunçiçəyinə yoluxma aşkarlanmadığını bildirib:

“Azərbaycan ərazisində bugünkü tarixədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb”.

Məlumat üçün bildirək ki, xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Mütəxəssislər qeyd edir ki, səhiyyə sistemi inkişaf etmiş ölkələrdə bu xəstəlikdən ölüm riski çox aşağıdır. Bununla belə, virus uşaqlar və immuniteti zəif olan insanlar üçün hələ də təhlükəlidir.

Qeyd edək ki, Nigeriyada "Meymun çiçəyi" xəstəliyindən ilk ölüm halı qeydə alınıb.  İmmun fəaliyyətini aşağı salan dərmanlar qəbul edən 40 yaşlı kişi vəfat edib. Artıq Nigeriyanın 9 ştatında  "Meymun çiçəyi" xəstəliyinə 21 yoluxma halı təsdiqlənib.

 

Bənzər yazılar

0.19571805000305