Azərbaycanda torpağın qiyməti ucuzlaşacaq?

 18-05-2023

Torpaq Məcəlləsinə edilən dəyişikliyin torpaq sahələrinin qiymətlərinə necə təsir edəcəyi bəlli deyil, lakin qiymətin ucuzlaşacağını gözləmək doğru deyil.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanov deyib.

O qeyd edib ki, hələ ki, bu qərarın icrası ilə bağlı proses tam aydın deyil. “Çünki qərarın icrası zaman müəyyən olunmuş dəyişikliklərin necə həyata keçiriləcəyi, yerli icra orqanlarının, bələdiyyələrin bu məsələyə yanaşmasının necə olacacağını bilmirik. Qəbul olunan qərar tədqirəlayiqdir, amma yerli icra orqanlarının prosesə nə dərəcədə əməl edəcəkləri, yeni mexanizmin necə olacağı önəmlidir. Bunları hələ bilmədiyimiz üçün torpaq qiymətlərinə hansı təsir göstərəcəyini demək çətindir.

Ancaq qiymətlərin azalmasını gözləmək yanlışlıq olar. Çünki ölkədə müxtəlif istiqamətlərdə inkişaf getdikcə qiymət artımı müşahidə olunur, o cümlədən torpaq sahələrinin qiymətində. Bu mənada bundan sonra qəbul edilən qərarların torpaq sahələrinin qiymətinə müsbət təsir edəcəyini düşünmək doğru yanaşma olmaz”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Torpaq Məcəlləsinə edilən dəyişikliyə əsasən, yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

Bənzər yazılar

0.17278695106506