“Dayanıqlı iqtisadi inkişaf qadın sahibkarların iştirakı ilə bağlıdır”.
Milletinsesi.info xəbər verir ki, bu sözləri “SHE (Smart, Happy, Equal) Congress” beynəlxalq qadın konqresində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
KOBİA sədrinin sözlərinə görə, qadınlar kiçik biznes yaratmağa çalışır, məşğulluğa meyil edirlər:
“Qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi bizim prioritet istiqamətlərimizdəndir. Bir sıra dəstək mexanizmləri yaradılıb. Ötən müddət ərzində doqquz qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 10-dan artıq qadın sahibkara üç il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib”.
O.Məmmədov qeyd edib ki, KOBİA qadınların istehsal etdikləri məhsulların bazarlara çıxarılması və tanıdılması məqsədilə müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərir:
“Bu günə qədər 1 300-ə yaxın sahibkarlıq subyekti KOBİA tərəfindən təşkil olunan 50-yə qədər sərgidən faydalanıb. Onların da 50%-i qadın olub. İnkişaf etmiş ölkədə qadın sahibkarlığı olduqca vacibdir”.
Onun sözlərinə görə, Azərbaycanda qadın fərdi sahibkarların xüsusi çəkisi getdikcə artır:
“Sahibkarlığa başlayan xeyli sayda xanımımız var. 2018-ci ildə fərdi sahibkarlar arasında qadınların xüsusi çəkisi 19% civarında idisə, 2023-cü ilin aprel ayının statistikasına görə bu çəki 25%-ə yaxınlaşıb. Bundan başqa, hüquqi şəxslərin təsisçiləri, eləcə də idarəçiləri arasında da kifayət qədər qadınlar var. Hazırda ölkəmizdə iqtisadi fəal əhalinin 49%-ni qadınlar təşkil edir”.
KOBİA sədrinin sözlərinə görə, qadın sahibkarlar işğaldan azad edilən ərazilərdə biznes qurmağa maraqlıdırlar:
“Bununla bağlı bizə müraciətlər daxil olub. Ümumiyyətlə, biznes müraciətlərinin 80-ə yaxını qadın sahibkarlara məxsusdur. Biz ticarət, kənd təsərrüfatı, turizm, ictimai iaşə, təhsil və digər sektorlar üzrə müraciətləri görürük”.