Millət vəkili Rəşad Mahmudov: “Azərbaycanda dərmanların qiyməti ucuzlaşacaq"

 15-05-2023

“Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklik qiymətlərin optimallaşdırılmasına imkan verəcək.

Bunu “Trend”ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, ölkəmizə dərman idxalı edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi və lisenziyalaşdırılmasının asanlaşdırılmasına və sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək.

“Son dəyişikliyə əsasən, hər hansı bir kimyəvi maddənin istehsalı ilə məşğul olan şirkətin hər hansı bir preparatı qeydiyyatdan keçibsə, həmin tərkibli digər növ və ölçü vahidi olan preparatların da qeydiyyatdan keçmədən ölkəyə gətirilməsi kimi bir asanlaşdırılma həyata keçirildi.

Bu gün dövlətin siyasəti də ölkədə dərman preparatlarının keyfiyyətinin nəzarətdə saxlanılması ilə yanaşı, həm də qiymətlərin optimallaşdırılması məqsədi daşıyır. Bu prezident tərəfindən həyata keçirilən dövlət səhiyyə siyasətinin tərkib hissəsidir.

Dünya təcrübəsində də bilinir ki, bu sadalanan məqsədlərə çatmanın ən asan yollarından biri də rəqabət mühiti və bolluğun yaradılması ilə mümkündür. Rəqabətin yaradılması keyfiyyətin artırılması ilə nəticələnməkdədir. Qeydiyyatın asanlaşdırılması yolu ilə əldə olunan bolluq isə qiymətin optimallaşdırılmasına imkan verəcək. Bu iki metodu ölkəmizdə tətbiq etmək aidiyyəti qurumlar qarşısında duran ən önəmli vəzifələrdən biridir və bu dəyişikliklər ilə gələcəkdə daha böyük uğurlara nail ola bilərik”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklik Milli Məclis tərəfindən birinci oxunuşda təsdiq edilib.

Dəyişikliyə əsasən, qanunun 6.6-cı maddəsi yeni redaksiyada verilir. Yeni redaksiyada qeyd edilir ki, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilmir. Hazırda isə eyni maddədə “müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir” kimi qeyd edilir.

Bənzər yazılar

0.13069295883179