Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı açıqlaması - TAM MƏTN - VİDEO

 14-05-2023

Üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair müzakirələr aparılıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il Almatı bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

"Report"un Brüsselə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib:

"İki ölkənin liderləri 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azərbaycanın (89,6 min kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiq etdilər", - Şarl Mişel bildirib.

O əlavə edib ki, iki ölkə arasında sərhədlərin yekun delimitasiyası növbəti danışıqlar yolu ilə razılaşdırılacaq: "İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini müzakirə etdik", - Şarl Mişel bildirib.

Şarl Mişelin sözlərinə görə, Aİ-nin yalnız bir məqsədi var - tərəflərə sülhə nail olmaqda kömək etmək: “Bu məqsədlə biz iyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi barədə razılığa gəldik, bundan əvvəl isə Kişinyovda Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə daha bir görüşün keçirilməsi planlaşdırılır.

Fikir mübadiləmiz səmimi və açıq olub. Biz birlikdə gündəlikdəki bütün məsələləri nəzərdən keçirdik. Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması üçün sürəti saxlamaq lazımdır", - Aİ Şurasının Prezidenti vurğulayıb.

Aİ Şurasının Prezident Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib.

“Bu gün Brüsseldə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın beşinci görüşünə ev sahibliyi etmək çox xoş idi. Fikir mübadilələrimiz səmimi, açıq və nəticəyönümlü oldu. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması yolunda irəliləyişə diqqət yetirdik. Liderlər Cənubi Qafqazın sülh şəraitində yaşaması üçün ortaq istəyi bölüşürlər. Mən onların müvafiq səylərini təqdir edirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik”, - deyə Mişel bildirib.

O, qeyd edib ki, bu yaxınlarda ABŞ-də sülh müqaviləsi üzrə aparılan müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması sürəti saxlanılmalıdır.

“Biz sərhədin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları nəzərdən keçirdik. Bu kontekstdə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşlərin bərpası barədə razılığa gəliblər. Liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,800 km2) və Azərbaycanın (86,600 km2) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər. Sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq”, - deyə Aİ Şurası rəhbəri açıqlayıb. Mişel bildirib ki, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər.

“Bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. İşçi qruplarına konkret vaxt cədvəli ilə birlikdə dəmir yolu əlaqələrinin açılması və zəruri tikinti işlərinin aparılması üsulları ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırılıb. Tərəflər həmçinin bu işə dəstək vermək üçün Ümumdünya Gömrük Təşkilatının yardımından istifadə etmək barədə razılığa gəliblər. Humanitar məsələlərə gəlincə, yaxın həftələrdə daha çox hərbi əsirin azad ediləcəyi gözlənilir. Mən həmçinin, sadəcə olaraq azaraq qarşı tərəfə keçən hərbçilərin tezliklə azadlığa buraxılması ilə bağlı qarşılıqlı anlaşmanın qorunmasının vacibliyini vurğuladım. Biz, həmçinin itkin düşmüş şəxslərin taleyinin həlli və ərazinin minalardan təmizlənməsi üzrə işlərin gücləndirilməsinin vacibliyini müzakirə etdik. Düşünürəm ki, qarşılıqlı məqbul həllər əldə etmək üçün düşmənçilik ritorikasından çəkinmək, vicdanla çalışmaq və liderlik nümayiş etdirmək vacibdir”, - deyə Şura Prezidenti diqqətə çatdırıb.

Onun sözlərinə görə, Aİ-nin heç bir gizli gündəmi yoxdur: “Bizim yeganə məqsədimiz Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz tərəflərin birgə səylərinə töhfə verməyə hazırıq. Biz Brüssel görüşlərini lazım gəldikdə tez-tez keçirməyə razılaşdıq. Liderlər iyulda Brüsseldə yenidən görüşəcəklər. Artıq ictimaiyyətə açıqlandığı kimi, biz də yaxın gələcəkdə Fransa prezidenti Makron və Almaniya kansleri Şolts ilə Kişinyovda Avropa Siyasi Birliyinin 2-ci Zirvə Toplantısı çərçivəsində yenidən görüşəcəyik. Mən həmçinin liderləri oktyabrda Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində növbəti belə görüşə dəvət etmək niyyətindəyəm”, - deyə Mişel fikrini yekunlaşdırıb.

Qeyd edək ki, bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Görüş Avropa İttifaqının mənzil-qərargahında baş tutub. Görüş Bakı vaxtı ilə 15:00 başlayıb və 4 saatdan çox davam edib.

 

Bənzər yazılar

0.38154602050781