Sabiq baş prokurorun Milli Konqres Partiyası da ləğv olundu

 11-05-2023

Milli Konqres Partiyası fəaliyyətinə xitam verdiyini açıqlayıb.

Bu barədə məlumat partiyanın yaydığı bəyanatda yer alıb.

Məlumat üçün bildirək ki, Milli Konqres Partiyası 11.12.1998-ci ildə Azərbaycanın sabiq baş prokuroru (1992-93-cü illər) İxtiyar Şirinovun təşəbbüsü ilə yaradılıb. Partiyanın sədri İxtiyar Şirinov olub.

Onu da qeyd edək ki, İxtiyar Şirinov 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb. İxtiyar Şirinov ötən il noyabr ayının 14-də 70 yaşında vəfat edib.

Bildirək ki, bu ilin əvvəlindən etibarən Azərbaycanda fəaliyyətinə son verən partiyaların sayı 19-a çatıb. Belə ki, daha əvvəl Qorqud Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu qəbul edib və Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib. Yeni qanuna görə siyasi partiyaların 5 min üzvü olmalıdır. 

Xatırladaq ki, bu günə kimi Azərbaycanda ümumilikdə 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib:

– Azərbaycan Demokratik Sahibkarlar Partiyası
– Milli Qurtuluş Partiyası
– Azərbaycan Xalq Demokratik Partiyası
– Azərbaycan Milli Hərəkat Partiyası
– Azərbaycan Kəndli Partiyası
– Azərbaycan Yurddaş Partiyası

Bunlardan başqa bu günə kimi 2 siyasi partiyanın – Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.

 Elnur Əli

Bənzər yazılar

0.47618198394775