Ətdən ucuz “mal əti” kolbasaları 

 07-05-2023

Qiymətlər də keyfiyyəti müəyyənləşdirmək üçün bir göstəricidir. Aldığımız kolbasaların tərkibindəki ətin miqdarı, keyfiyyəti ilə qiymətinin nə dərəcədə uyğunluq təşkil edib-etmədiyi maraqlıdır.

“Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb”. Bu cümlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsi ilə bağlı açıqlamasında bir neçə kolbasa və sosiska məhsulunun qarşısında yazılmışdı. Yaxud belə qeyd var idi: “Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb”.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Sırf kolbasaları götürsək, onsuz da bizdə aldığımız kolbasaların tərkibi ilə bağlı narahatlıq, suallar hər zaman var. Ancaq bu açıqlamadan sonra həm də belə sual yaranır: Biz necə bilək ki, aldığımız məhsul keyfiyyətlidir? Adətən, bu tipli müzakirələrdə bildirilir ki, bazarda sümüklü mal ətinin kiloqramı 15 manatdır. Kolbasa isə 9 manatdırsa, tərkibindəki necə ət ola bilər? Əslində, məntiqli yanaşmadır. Ancaq mütəxəssislərdən də soruşaq. Hansı qiymətə kolbasa alsaq, tərkibindəki ətin keyfiyyəti sual altında qalacaq? Ümumiyyətlə, kolbasaların keyfiyyətlisini necə seçək?

“Bir kiloqramını 25 manata verirəm”

Fərdi şəkildə kolbasa istehsalı ilə məşğul olan Əhmədağa Rəhimov mal əti kolbasasının 1 kiloqramını 25 manata satır. O, bu qiymətin necə yaranmasını izah etdi: “Siz satışda ətin kiloqramını 15 manata alırsınızsa, biz rayonda topdan 10-11 manata ala bilirik. Ancaq sümükləri və kolbasaya yararsız hissələri çıxandan sonra ətin qiyməti bizə 13-14 manata başa gəlir. Sonra ədviyyatlar vurursan. Ədviyyatın bir kiloqramı 25 dollardır. 20-30 kiloqram ətə 1 kiloqram ədviyyat vurulur. Hər 1 kiloqram ətə 1 manat da bunun pulunu əlavə edək. Kolbasanın qabığı var. O da çox ucuz deyil. Bişirilmə, saxlanma, işçi və s. xərcləri var. Bunların hamısı toplandıqda, kolbasanın kiloqramını mən 25 manata verirəm. Kiloqramında 5-8 manat qazanc əldə etmək olur”.

Qiymətlər keyfiyyət haqqında nə deyir?

İstehsal meneceri Sayat Quliyeva deyir ki, kolbasa istehsalında ölkəmizin regionlarında yetişdirilib xüsusi kəsim məntəqlərində kəsilən, qiyməti 13-17 manat olan ətlərdən istifadə olunmur: “Hazırda kolbasa məhsullarında istifadə edilən ət, sümükdən ayrılmış, dondurulmuş şəkildə Hindistan, Malayziya kimi ölkələrdən idxal olunur. Kiçik zirzəmi istehsal sahələrini nəzərdə tutmuram”.

S.Quliyeva bazardakı qiymətlərlə keyfiyyətli kolbasaların qiyməti arasında fərqi də bildirdi: “Normativlərə uyğun 1 kiloqram kolbasanın 80 faizini ət təşkil etməlidir. Düzgün resept üzrə keyfiyyətli kolbasa istehsal olunarsa, 1 kiloqram kolbasanın qiyməti 14-20 manat aralığında, hətta digər xərclər də nəzərə alınsa, daha yüksək olmalıdır. Ancaq fərqli satış məntəqələrinə baxışım deyir ki, yerli kolbasa məhsullarının 1 kiloqramının qiyməti 5-12 manat aralığındadır. Halal kolbasaların qiyməti isə 11-15 manatdır. Ölkəmizə idxal olunan, xüsusilə də Rusiya istehsalı kolbasaların qiyməti isə 8-13 manatdan başlayır. Yaxud hindi quşu və mal əti qarışıq kolbasalar var. Onların bir kiloqramının qiyməti 13 -18 manat aralığında olmalıdır. Tamamilə hindi quşu ətidirsə, daha baha olacaq”.

Keyfiyyətli kolbasanın rəngi...

S.Quliyevanın sözlərinə görə, məhsulun maya dəyərinin aşağı olması, bazarda rəqabətliliyin davamlılığı məqsədilə qırmızı ət miqdarı azaldıb əvəzinə ağ ət, soya, bitki yağlarıyla hazırlanan piy-yağ əvəzləyicisindən istifadə edilir: “Bununla yanaşı, bəzi istehsalçılar reseptlərə müdaxilə edərək kolbasalara toyuq dərisi, süd tozu, nişasta, un qatırlar. Hisə verilmiş kolbasalarda hisə vermə prosesindəki xərclərin azaldılması məqsədilə süni hiss dadlandırıcıları və rənglərdən istifadə edilir”.

S.Quliyeva qeyd etdi ki, keyfiyyətli kolbasanın rəngi tünd qəhvəyi rəng çalarlarında olmalıdır: “Lakin hazırda məhsullara nəzər yetirsək, kolbasa və sosilərin rəngi qırmızı, çəhrayı rənglərindədir”.

Qiymət baha, alıcı az

Qida mütəxəssisi Fərid Səfərov deyir ki, kolbasa və sosiska istehsalında istifadə edilən ət saf olmalı, arasına təzə olmayan, vaxtı keçmiş və qeyri-sağlam ət qarışdırılmamalıdır. Ancaq keyfiyyətli ətdən əldə olunan kolbasanın qiyməti istifadə edildiyi ət növünün - mal, toyuq və hinduşka əti - qiymətindən baha olur. Yəni mal əti kolbasasının 1 kiloqramının qiyməti mal ətinin 1 kiloqramının qiymətindən yüksək olmalıdır, nəinki ucuz.

F.Səfərov bildirdi ki, yüksək keyfiyyətli ətdən 100 faiz reseptə uyğun kolbasa hazırlanarsa, onda qiymət baha olur, alıcı isə az. Bu səbəbdən istehsalçılar maya dəyərini aşağı salmaq üçün müxtəlif üsullardan istifadə edirlər: “Ucuz variantlardan istifadə edərək, standartlara və gigiyena qaydalarına uyğun olmayan, daha aşağı qiymətə başa gələn məhsulları bazara çıxararaq insanların sağlamlığı ilə “oynayanlar” çoxdur”.

Ətin miqdarı çox olan kolbasanı qızardanda...

F.Səfərov aldığımız kolbasanın tərkibində ətin miqdarını ev şəraitində yoxlamaq üçün bir məsləhət də verdi: “Tərkibində ətin miqdarı çox olan kolbasanı tavada qızardanda dilimlər yığılır, yumrulanır, ancaq tərkibində soya istifadə olunmuş daha ucuz və keyfiyyətsiz kolbasa tavaya yapışır.

F.Səfərov sonda bildirdi ki, bu cür qidaları tamamilə qida rasionundan çıxarmaq məsləhətdir. Çünki Ümumdünya Səhiyyə Təşkilatı kolbasa, sosiska kimi emal olunmuş ət məhsullarını siqaretlə eyni səviyyədə 1-ci kateqoriya kansoregen elan edib.

Qısası, keyfiyyətlisi belə ziyanlıdırsa, keyfiyyətsizinin təsirləri artıq qat-qat çox olacaq.

Bənzər yazılar

0.13187503814697