Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına layihə haqqında məlumat verilib.
Bildirilib ki, layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, eyni zamanda, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur.
Birinci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Bu anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. İkinci mərhələdə isə Füzuli şəhərinin əhalisinin qalan 20 faizinə xidmət göstərən, tutumu 5 min kubmetr olan su anbarı inşa ediləcək.
Dövlətimizin başçısı kompleksin təməlini qoyub.
Bundan başqa, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində aparılan inşaat işləri ilə tanış olub, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına və Birinci vitse-prezidentə Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisi barədə məlumat verildi.
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışını edib.
Dövlətimizin başçısı və Birinci vitse-prezident Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilən məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Sonra Dövlətimizin başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını edib, Dədəli kəndinin təməlini qoyub.