Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə şəbəkə barədə məlumat verilib.
Bildirilib ki, şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. İlkin mərhələdə 18,5 kilometr yolun tikintisi planlaşdırılır. Birinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 44, ikinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 34, ümumşəhər əhəmiyyətli küçə və yolların eni 24, yerli əhəmiyyətli küçə və yolların eni isə 20 metr olacaq.
Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, ətraf mühitə dəyən zərəri azaltmaq üçün yaşıllıq zolaqları, sağlamlığa faydalı vərdişləri artırmaq üçün velosiped yolları, ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Prospektlərin dördzolaqlı, küçə və yolların isə ikizolaqlı olacağı planlaşdırılır.
Füzuli şəhərində daxili yol-küçə şəbəkə sxemi və kommunikasiya xətlərinin layihəsi vahid işçi qrupu tərəfindən bütün qurumların rəyi alınmaqla hazırlanıb. Şəhərdaxili yollar inşa olunarkən piyada səkilərinin altından keçəcək elektrik, qaz, su, rabitə, kanalizasiya və yağış sularının axıdılması xətləri ilə birlikdə həyata keçiriləcək. Bu isə həm vaxta, dövlət vəsaitinin qənaətinə, işlərin optimallaşdırılmasına və yüksək səviyyədə əlaqələndirilməsinə imkan yaradacaq, habelə kommunikasiya şəbəkələrinin paralel çəkilməsi zamanı yarana biləcək problemlərin aradan qaldırılmasına imkan verəcək.
Prezident İlham Əliyev Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlini qoyub.
Sonra dövlətimizin başçısına və Birinci vitse-preizidentə Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisi barədə də məlumat verilib.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumatda bildirib ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir.
Dövlətimizin başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatıb. Yol boyunca 18 avtobus dayanacağı quraşdırılıb.
Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
Bu yol Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunur.