Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verilib.
Bildirilib ki, kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Qeyd edilib ki, birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev tikiləcək.
Kənddə çoxfunksiyalı inzibati bina, məscid və mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək.
Məlumat verilib ki, Dədəli kəndi də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət məqsədilə bu kənddə də alternativ enerjidən istifadə, istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev Dədəli kəndinin təməlini qoyub.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində görülən inşaat işlərinin gedişi ilə tanış olublar.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına və Birinci vitse-prezidentə tikinti işlərinin gedişi barədə məlumat verib.
Qeyd olunub ki, ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli və yeddimərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq. Onların 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. İkiotaqlı mənzillərin sahəsi 54-68 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 71-109 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 92-108 kvadratmetr təşkil edəcək.
Hazırda kompleksin inşası sürətlə və keyfiyyətlə davam etdirilir. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.