Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 5-də Xocavənd və Füzuli rayonlarına səfər ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Agentlik Tuğda təqdim etdiyi turizm konseptual yanaşma çərçivəsində üç istiqamətdə - tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin inkişaf etdirilməsi, təbiət resurslarından səmərəli istifadə edib ekoturizm və “yaşıl destinasiya” konseptində turizm sənayesinin inkişaf etdirilməsi və aqroturizm resurslarından istifadə etməklə dayanıqlı və icma əsaslı turizm inkişaf konsepsiyası üzrə layihələrin həyata keçirilməsini planlaşdırır.
Qeyd olunub ki, ilk mərhələdə Tuğ kəndində keçmiş məktəb binası olmuş yaşayış korpusunun konservasiyası nəzərdə tutulur. Kəndin tarixi memarlığı dərindən öyrənildikdən və kifayət qədər yerli memarlıq üslubunda elmi-tədqiqat və elmi təhlillər, praktiki təcrübə qazanıldıqdan sonra bu abidənin bərpası layihəsi həyata keçirilə bilər. Çünki Tuğda ənənəvi Azərbaycan memarlığına işğal dövründə çox müdaxilə edilib və bəzi tikililər açıq-aşkar vandalizmə məruz qalıb. Buna görə də ilkin olaraq ümumi sahəsi 1464 kvadratmetr olan tikililərin konservasiyası və konsolidasiyası işləri ilə yanaşı, 6515 kvadratmetrlik ətraf ərazisinin abadlaşdırılması nəzərdə tutulur. Bundan başqa, kəndin mərkəzi hissəsində yerləşən, ümumi sahəsi 450 kvadratmetr olan mövcud tarixi tikililərin bərpa edilərək Turizm İnformasiya Mərkəzi və şərab dequstasiya yeri kimi istifadə edilməsi nəzərdə tutulur. Tuğ kəndinə gələcəkdə turizm axını ilə əlaqədar burada keyfiyyətli xidmətlərin göstərildiyi iaşə obyektinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, tarixən şərabçılıq destinasiyası kimi tanınan Tuğ kəndi Xocavənd və Füzuli rayonlarının üzüm sahələrindən toplanan məhsuldan alınan şərabları ilə məşhur olub. Şərab zavodunun ümumi sahəsi 1300 kvadratmetrdir və onun ətrafındakı 850 kvadratmetrlik sahənin abadlaşdırılması nəzərdə tutulur. Zavod üçün müasir turizm konsepti tətbiq ediləcək. Belə ki, bura yalnız şərab istehsal edilən yer deyil, həmçinin Tuğ bölgəsində tarixən mövcud olmuş şərabçılıq ənənəsinin təbliğ olunduğu məkana çevriləcək. Kompleksin tərkibində müxtəlif tədbir və festivalların keçirilməsi üçün çoxtəyinatlı məkanlar olacaq.
Diqqətə çatdırılıb ki, Kulinariya Təlim Mərkəzi təkcə Qarabağın deyil, bütün Azərbaycan mətbəxinin turistlərə təbliğ və eksperimental kulinariya metodlarının tətbiq edildiyi məkanlardan biri olacaq. Tikilinin tərkibində qruplar və heyətlər üçün mətbəx, qəbul, dequstasiya otaqları nəzərdə tutulur.
Həmçinin Tuğ kəndinin Şuşa yolu üzərində vacib turizm destinasiyası olması faktı nəzərə alınaraq, burada avtomobil dayanacağı da yaradılacaq.
Bildirilib ki, Tuğ kəndində tarixi tikililər, küçələr, hasar və darvazalar ənənəvi memarlıq üslubunda bərpa və konservasiya olunacaq. Görüləcək işlərin planına, həmçinin Tuğ ərazisində mövcud tarixi bulaqların bərpası, küçə boyunca hasar və tikililərin təmiri də daxildir.
Qeyd olunub ki, gələcəkdə Tuğ kəndində turizm infrastrukturunun inkişafından və yerli icmanın kəndə qayıtmasından sonra bir sıra fəal turizm məhsullarının inkişaf etdirilməsi planlaşdırılır. Tuğ kəndinin Hadrut qəsəbəsinin və Füzuli şəhərinin yaxınlığında yerləşməsi, Şuşaya gedən yolun buradan keçməsi amilləri nəzərə alınaraq, gələcəkdə ətrafdakı tarix və mədəniyyət abidələrinə haykinq və piyada turizm marşrutlarının yaradılması, piyada gəzintisi üçün dağ cığırlarının keçdiyi yerlərdə kempinq zonaların, kiçik etnoqrafik festivalların, günlük turist səfərlərinin təşkili və digər layihələrin həyata keçirilməsi üçün böyük potensial var.
Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və Birinci vitse-prezidentə ilkin mərhələdə Tuğ kəndinin ictimai-inzibati mərkəzində inşası planlaşdırılan binalar barədə məlumat verib.
Bildirilib ki, kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcək. Burada tikiləcək və bərpa ediləcək binaların ümumi sahəsi 3200 kvadratmetr olacaq.
Ərazidə genişmiqyaslı abadlıq işlərinin görülməsi, yerüstü parkinq sahəsinin yaradılması nəzərdə tutulub. Bu ərazilərə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. İnzibati mərkəzdə tikinti-bərpa işlərinin gələn ilin martında başa çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı İnzibati Mərkəzin təməlini qoyub.
Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olublar.
Dövlətimizin başçısına və Birinci vitse-prezident layihə barədə məlumat verilib.
Bildirilib ki, bərpa olunacaq məktəb 1,9 hektar ərazidə yerləşir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra məktəbdə 15 sinif otağı, idman və akt zalları, yeməkxana, kitabxana, hərbi dərs otağı, 3 laboratoriya və 2 texnologiya otağı, informatika otağı olacaq. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları müasir avadanlıq və ləvazimatlarla təchiz ediləcək.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunmuş rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Hadrutda məktəb binasının tikintisi də bu işlərin tərkib hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına və Birinci vitse-prezidentə layihə barədə məlumat verilib.
Bildirilib ki, inzibati zonanın ümumi sahəsi 4,2 hektardır. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının ofislərinin binaları daxildir.
Qəsəbənin inzibati ərazisinə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. Yol və kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metr olacaq. Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024-cü ilin martında başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev Hadrut qəsəbəsində inzibati mərkəzin təməlini qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verilib.
Qeyd edilib ki, ilk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək.
Bildirilib ki, Hadrut qəsəbəsində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir.
Dövlətimizin başçısı Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin təməlini qoyub.
Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdıran tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi Hadrut rayonunda ilk yaşayış məhəlləsinin təməlinin qoyulması ilə bir daha təsdiqini tapır. Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan hadrutlular üçün ilk yaşayış məhəlləsinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır.
Dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, “Hadrut” qovşaq yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib.
Daha sonraPrezident İlham Əliyev Pirəhmədli kəndinin təməlini qoyub.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına və Birinci vitse-prezidentə kənddə görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, Pirəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 178 hektardır. Kəndə 2 min 369 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 565 fərdi ev tikiləcək və hər bir evin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 70,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 280 fərdi evin tikilməsi nəzərdə tutulur.
Kənddə çoxfunksiyalı inzibati binanın, mehmanxana və kafe-restoranın, məscid və mərasim evinin, yanacaq doldurma məntəqəsinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 480 yerlik orta məktəbin, 80 yerlik 2 uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, bazarın, rabitə qovşağının tikintisi planlaşdırılıb.
Diqqətə çatdırılıb ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.
Sonra dövlətimizin başçısı İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Ümumi uzunluğu 12,3 km olan yol birinci texniki dərəcəlidir.
Bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir.
Layihəyə əsasən yolun 6,7 kilometrliyində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışını edib.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.
Ölkənin elektroenergetika sektorunda texnoloji innovasiyalarin tətbiqi və infrastrukturun rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində inşa edilən Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Bildirilib ki, Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib. Mərkəzin birinci mərtəbəsində birinin gücü 2500 kVA olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə rəqəmsal idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.
Prezident İlham Əliyev Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzini işə salıb.
Qeyd olunub ki, rəqəmsal şəbəkələrin təməl elementi olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.
Rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə əlaqələndirilməsini tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir.
Dövlətimizin başçısı və Birinci vitse-prezident Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilən məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Dövlətimizin başçısına və Birinci vitse-prezidentə inşaat işlərinin gedişi barədə məlumat verilib.
Bildirilib ki, ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında növbəti həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.