2023-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi, xeyli miqdarda xarici sərmayənin cəlb edilməsi – bunlar Heydər Əliyevin etdiklərinin kiçik bir hissəsidir.
Beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Report”a müsahibəsində Azərbaycan xalqının Ümummilli Lideri ilə bağlı təəssüratlarını və xatirələrini bölüşüb.
- Prezidentin və Xəzər hövzəsində enerji diplomatiyası üzrə dövlət katibinin keçmiş xüsusi müşaviri kimi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ilə tanış idiniz. Onunla bir yerdə işlədiyiniz dövrlə bağlı xatirələriniz nələrdir?
- Prezident Heydər Əliyev ilə işlədiyim dövrlə bağlı gözəl xatirələrim var. İlk görüşümüz çox qeyri-rəsmi şəraitdə, Prezidentin Bakıdakı iqamətgahında baş tutub. Prezident Heydər Əliyevin sadə ünsiyyət tərzi məni heyran etmişdi. Eyni zamanda onun gözlərində qonaqpərvərlikdən həzz aldığını göstərən xüsusi isti enerji hiss etdim. O, sanki çay və kofe içmək və deyilənə görə, bir vaxtlar sovet lideri olmuş Brejnevin səfəri üçün onilliklər əvvəl tikilmiş heyrətamiz qrottonu bizə göstərmək üçün bizi binanın aşağı mərtəbəsinə aparmağa tələsirdi. Bağlı məkanda mağaranı görmək heyrətamiz idi.
Ən parlaq xatirəm 2001-ci ilin yanvarında, ABŞ-da keçirilən mübahisəli prezident seçkilərindən dərhal sonra keçirilmiş görüşlə bağlıdır. O vaxt bizdə keçmiş vitse-prezident Al Qor səslərin çoxunu qazansa da, onun rəqibi Corc Buş qalib elan edilərək ABŞ-ın prezidenti seçilmişdi.
Prezident Əliyev söhbətə başlayaraq “Xəzər dənizinin problemlərindən danışmaq üçün buradayıq. Amma mən bilirəm ki, siz həmişə olduğu kimi, məndən yenə də Azərbaycanda demokratiya haqqında soruşacaqsınız. Ona görə də icazə verin, mən də sizdən ölkənizdəki demokratiya haqqında soruşum” dedi və əlavə etdi: “Düz başa düşmüşəm də, hə? Sizdə seçkilər keçirildi və daha çox səs toplayan şəxs prezident elan edilmədi, prezident elan edilən şəxs isə əvvəllər prezident olmuş, eləcə də DTK-nın Amerika versiyasının rəhbəri olan şəxsin oğludur. Bu doğrudur? Seçkilər də qalib elan edilmiş şəxsin qardaşının başçılıq etdiyi ştatda məhkəmə prosesi ilə başa çatıb? Hmm, yaxşı, indi mənə Azərbaycandakı demokratiyadan danışa bilərsiniz”.
Bu, Heydər Əliyevin mahiyyətini əks etdirən çox dərin bir müşahidə idi. O, dərin analitik düçüncəli, yüksək intellektli, ətrafındakıların reaksiyalarına diqqətlə yanaşan və hər zaman meydan oxumağa hazır bir insan idi.
Bu xüsusiyyətləri bir çox başqa məsələlərdə də özünü göstərirdi. Məhz qlobal hadisələrin dərindən təhlili və müşahidəsindən sonra beynəlxalq neft şirkətləri tərəfindən özəl investisiyalar hesabına Azərbaycanın neft-qaz sənayesini dirçəltmək, daha sonra isə ixrac boru kəmərlərini inkişaf etdirmək üzrə “Əsrin müqaviləsi” ideyası yarandı.
Prezident Əliyev bu mövqeyinə o qədər aydın və qətiyyətlə sadiq qaldı ki, beynəlxalq ictimaiyyəti bu layihələrin reallaşacağına inandırdı, özü də bütün bunlar baş verməmişdən xeyli əvvəl. Biz də öz növbəmizdə bu layihələrin həyata keçirilməsində birgə işləməkdən məmnun idik.
- Məlumdur ki, Heydər Əliyev Azərbaycanı dünya bazarı ilə birləşdirən neft-qaz layihələrinin, boru kəmərlərinin inkişafına xüsusi diqqət yetirirdi. “Əsrin müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi Azərbaycanın qlobal enerji layihələrinin həyata keçirilməsində onun rolu nədən ibarət olub?
- Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri olmasaydı, Azərbaycan heç vaxt hazırkı vəziyyətdə ola bilməzdi. Bu kəmərlər Azərbaycan üçün hər şeyi dəyişdi, özü də təkcə iqtisadi baxımdan yox. Onlar Azərbaycanı təkcə Gürcüstan və Türkiyə ilə deyil, həm də Trans-Atlantik İttifaqı, o cümlədən siyasi mənada ABŞ-la birləşdirdi. Beləliklə, Azərbaycan sabit inkişafa nail oldu və bu sonda 2020-ci ildə işğal olunmuş torpaqların azad edilməsi ilə nəticələndi.
Doğrudan da, Azərbaycanın neft-qaz biznesinin SSRİ-nin dağılmasından sonra heç vaxt özünə gəlməyəcəyi ehtimalı da var idi. Heydər Əliyevin uzaqgörənliyi Azərbaycana əvvəllər qeyd etdiyim kimi, enerji sektorunu dirçəltməyə və son nəticədə öz enerji resurslarını bu kəmərlər vasitəsilə ixrac etməyə imkan verdi. Onun uzaqgörənliyi həm də geosiyasi cəhətdən balanslaşdırılmış şəkildə xarici investisiyaların cəlb edilməsində görünürdü, çünki Azərbaycanın düşmən qazanmasını istəmirdi. Bu, Böyük Britaniya, Türkiyə və Yaponiyada yerləşən şirkətlərdən, eləcə də Rusiya və hətta İran şirkətlərindən investisiyalar cəlb etmək demək idi.
O, Azərbaycanda ölkənin enerji sektorunu dirçəltmək üçün kifayət qədər vəsait olmadığını anlamışdı və ona görə də müxtəlif ölkələri təmsil edən şirkətlərin iştirak etdiyi “Əsrin müqaviləsi”ni təşkil etdi.
- Heydər Əliyevin prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri necə inkişaf etmişdi? ABŞ şirkətləri Azərbaycan bazarına cəlb olunmuşdumu?
- ABŞ bu enerji layihələrinin inkişafında həlledici rol oynayıb. ABŞ-ın yardımı olmasaydı, bu layihələr reallaşa bilməzdi. Azərbaycan Prezidenti İlham Əliyev də bunu tez-tez qeyd edir. Bütün ölkələri və şirkətləri bir araya gətirəcək bir qüvvəyə ehtiyac var idi. Aİ buna hazır deyildi, Avropa İttifaqı ölkələri təxminən 2007-ci ilə qədər Cənub Qaz Dəhlizinə dəstək vermirdilər. Brüsseldə, Berlində, Parisdə və Sofiyada keçirdiyim çoxsaylı görüşlər zamanı Aİ-dəki tərəfdaşlarımızı Cənub Qaz Dəhlizinin onların maraqlarına cavab verdiyinə inandırmağa çalışmışam ki, onlar Rusiyadan gələn böyük qaz həcmlərinə deyil, Azərbaycan qazına da arxalana bilsin.
ABŞ-ın özəl enerji şirkətlərinə gəlincə, o zaman onlar Azərbaycanda neft və ya təbii qaz hasilatı ilə məşğul olmurdu və buna görə də ABŞ hökumətinin bu kəmərləri dəstəkləmək siyasətinə heç bir təsir etməmişdi. ABŞ-ın bəzi neft şirkətləri hətta Bakı-Tbilisi-Ceyhan layihəsinə qarşı çıxmışdı, onlar ABŞ hökumətinin özəl biznesin qərarlarına qarışmağa haqqı olmadığını iddia edirdilər. Lakin ABŞ hökuməti Azərbaycanın suverenliyini və müstəqilliyini, kommersiya baxımından sərfəli investisiyalar hesabına karbohidrogenlərin bazara sərbəst axınını təmin edəcək və Rusiyanın Avropadakı müttəfiqlərimizi manipulyasiya etmək üçün neft və təbii qaz tədarükündən istifadə imkanlarını azaldacaq bu layihələrə geostrateji ehtiyacı görürdü.
Biz ABŞ hökumətində bu layihələrin kommersiya baxımından sərfəli olacağını başa düşürdük. Son nəticədə bizim haqlı olduğumuz sübut olundu. Məsələn, BP şirkəti üçün BTC əsas ixrac neft kəməri ilə birlikdə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsinə qoyulan investisiyalar o dövrdə dünyada ən gəlirli iki layihədən biri oldu.
- Azərbaycan xüsusilə SSRİ-nin dağılmasından sonra regionun ən inkişaf etmiş ölkəsinə çevrildi...
- Azərbaycanda iqtisadi inkişafın indiki səviyyəsinə çatmağın yeganə yolu ölkənin neft-qaz sənayesini dirçəltmək idi. Əslində, 100 ilə yaxın neft hasilatı tarixinə malik Azərbaycanda aqrar həyat tərzi hakim idi. Heydər Əliyev öz uzaqgörənliyi sayəsində ölkəni qlobal enerji bazarında vacib oyunçuya çevirmək üçün lazım olan hər şeyi etdi. Bu məqsədlə o, enerji sektorunun yenilənməsi ilə bağlı çox cəsarətli qərarlar qəbul etdi və planı baş tutdu.
Bu gün Prezident İlham Əliyev də Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) və digər dövlət müəssisələrində islahatların aparılmasına, daha çox investisiyaların cəlb edilməsinə görə böyük tərifə layiqdir. Bu gün Azərbaycanın özəl şirkətləri həqiqətən də dünya miqyasında rəqabətədavamlı vəziyyətə gəlir.
Mən 1997-ci ilin avqustundan Azərbaycana gəlirəm. O vaxt hava limanından şəhərə indiki kimi 6 zolaqlı deyil, yalnız 2 zolaqlı yol gedirdi. Hava limanından çıxarkən işıqfordan sola dönüb kənd yoluna bənzəyən bir yolla şəhərə gedirdik. Bir ərazidən başqa yol boyu heç bir işıqlandırma yox idi. Həmin ərazini SOCAR-ın neft emalı zavodunda qazı yandırmaq üçün alovlanan məşəl işıqlandırırdı. İndi bu müasir yol qazdan əldə edilən elektrik enerjisi ilə işıqlandırılır.
Bu gün isə Azərbaycan günəş və külək enerjisinə külli miqdarda investisiyaların qoyulması ilə yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə Avropaya daha çox təbii qaz ixrac olunacaq ki, bu da ölkəyə daha çox gəlir gətirəcək.