Vaşinqton danışıqları, mümkün təxribat ehtimalları, sülh sazişinə yaxınlaşma 

 04-05-2023

Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda təşkil edilən danışıqları sülhün bərqərar olmasına daha çox şansdır və potensiallardan optimal istifadə üçün böyük imkan yaradır.

İmkan yaranır, lakin onu reallaşdırmaq potensialları qarşısında tikanlı yollar hələ də qalır.

Vaşinqton müzakirələri Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin rəsmi Bakının tələbləri əsasındakı inteqrasiyasını konstruktiv seçim kimi onların qarşısına qoyur.

Çünki Ağ Evin quraşdırdığı danışıqlar masasında Qarabağ erməniləri üçün müstəsna hüquqları özündə ehtiva edən status barədə heç bir şey yoxdur, əksinə, indi status məsələsi həm Rusiyanın, həm də ABŞ-nin gündəliyindən çıxıb.

Ancaq gündəmdən çıxmış tezisin yeniləri ilə əvəzlənəcəyi Rusiya-Qərb gərginliyi fonunda üzə çıxa bilər, ona görə də Vaşinqtondakı gərgin danışıqlardan sonra Moskva gündəliyində nələrin proqramlaşdırıldığına diqqət yetirmək gərəkdir.

Azərbaycan ərazi suverenliyinin mütləq təmini yolundakı çətinliklərin öhdəsindən mərhələ-mərhələ gəldikcə sülh danışıqlarının da rəngi Bakının xeyrinə calanır.

Hər bir məqamda, hazırda yekun sülh sənədinin hazırlanması əməliyyatlarına Vaşinqtonun müəlliflik etməsi Azərbaycanın xeyrinə proseslərə töhfə verir.

Rusiya isə burada maraqlarını təmin etməyən nələrsə tapa bilər, ona görə də Moskvanın Vaşinqtondakı diskussiyalardan sonra kimə və hansı şəraitdə yaşıl işıq yandırıb-yandırmayacağı qeyri-müəyyən olaraq qalır.

Hərçənd ki, Kremllə Azərbaycanın mövqelərini bir-birilə tutuşdurmaq təcrübələrindən çıxış etsək, burada ən çox ziyan çəkəcək tərəfin Ermənistan olacağı şübhəsizdir.

Yəni Rusiya regiondakı sülh modelinin Vaşinqton mərkəzli əsaslarını dağıtmaq üçün Ermənistanın əlinə oynasa belə, onun son məqsədi İrəvanı mühafizə etmək deyil.

Təxribat ssenarisi üzrə addımlara gəlincə, Rusiya Ermənistanı da daxildən çalxalandıra biləcək əməllərin müəllifinə çevrilə bilər.

İkincisi, Rusiya Azərbaycan-Ermənistan sərhədlərində mümkün toqquşma ehtimalları üzərində fikirləşə bilər. Burada məqsəd sülhü bir həddə qədər pozmaq və dağınıq nizamda özünün tənzimləyici funksiyalarını işə salmaqdır.

Ancaq göz önündə canlandırmaq lazımdır ki, Vaşinqtondakı gündəliyin razılaşdırılması Kremllə həyata keçiriləcək.

İstənilən vəziyyətdə Vaşinqtonun proseslərdəki sürətlənən rolu və danışıqların davamının Moskvada gerçəkləşməsi sülh üçün həll yollarının miqyasının genişləndiyindən xəbər verir.

Çünki Azərbaycanın səkkiz kəndi üzərindən işğal faktının qaldırılması ilə bağlı Vaşinqtonda müzakirələr gedir, deməli, artıq sülhyaratma əməliyyatları artıq son pillələrinə yaxınlaşır.

Normallaşmaya maneələrlə bağlı əlamətlər qalsa belə, vəziyyət görünməmiş dərəcədə irəliyə doğru getmək şansı qazanır.

Strateji yanaşmalar üzrə ən vacib məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır, görəsən, ABŞ bu məsələdə Vaşinqtonda kimin mövqeyini dəstəkləyir?

Hesab etmək olar ki, Zəngəzur dəhlizi layihəsi həll olunmamış problemlər siyahısında qalır və bu, gələcək danışıqlardakı normallaşma prosesi üçün tezisləri əngəlləyə bilər.

Deməli, tam və dərhal normallaşmanı gözləmək real deyil, hərçənd ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində sülh sazişi imzalana biləcəyini deyib.

NƏTİCƏ:

Sülh müqaviləsinin imzalanması Rusiyanın Vaşinqton danışıqlarına verəcəyi reaksiyadan və bu istiqamət üzrə Kreml-Ağ Ev mövqelərinin uzlaşdırılmasından asılı olacaq.

Görünür ki, ABŞ və Ermənistan Zəngəzur dəhlizi ilə bağlı Bakının şərtləri fonunda hələlik qəti mövqe sərgiləməyəcəklər.

Əgər sülh müqaviləsi imzalansa, dəhlizlə bağlı tənzimləmə mexanizmləri əlavə komponent kimi danışıqlar masasına qoyula bilər.

Aqşin Kərimov

Bənzər yazılar

0.47322487831116