Menisk yırtıqlarına ağır işlə məşğul olanlarda daha çox rast gəlinir

 03-05-2023

“Menisk yırtıqlarına ağır işlə məşğul olanlarda daha çox rast gəlinir”.

Milletinsesi.info xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Murad Bağırlı deyib.

Həkim qeyd edib ki, menisk yırtıqlarının növlərinə görə əlamətləri də fərdi və ideal xarakter daşıyır: “Yüngül və ağır formada özünü göstərir. Yüngül dərəcədə olanda diz oynağında şişkinlik və ağrı müşahidə olunur. Ağır dərəcədə isə kilidlənmə olur. Risk qrupu daha çox idmanla məşğul olanlardır”.

M.Bağırlının sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının protokoluna əsasən, bu cür xəstələrə çox gəzmək olmaz: “Çox gəzmək, ayaq üstündə qalmaq, ağır fiziki işlər tövsiyə edilmir. Menisk yırtığının üç dərəcəsi olur”.

Onun sözlərinə görə, 1-ci və 2-ci dərəcə menisk yırtıqlarında konservativ üsullardan istifadə edilir:

“1-ci və 2-ci dərəcəli menisk yırtıqları ağır deyil. Onların müalicəsində kök hüceyrə tətbiq edilir. Effektiv üsul hesab olunur. Bu tətbiq çox aktualdır. 3-cü dərəcəli zədələnmələrdə isə əməliyyatlara müraciət edilə bilər. Cərrahi üsulla müalicələr iki növ aparılır və çox ciddi zədələnmələrdə bu üsula müraciət edilir”.

Həkim əlavə edib ki, diz travmalarında kök hüceyrədən daha çox istifadə olunur:

“Effektiv müalicə üçün yararlıdır. Ana hüceyrələrdir. Menisklər qığırdaqdan təşkil olunduğu üçün əməliyyatda kök hüceyrələrdən istifadə olunur. Əməliyyatdan sonra xəstələr 4-6 həftəyə əmək qabiliyyətlərini tam bərpa edə bilərlər. Gənclərdə bu 2 həftə çəkə bilər. Bərpa müddəti 55 yaşdan yuxarı olan kişi və qadınlarda, ağır çəkili şəxslərdə uzun çəkə bilər. Uşaqlarda menisk yırtıqlarına böyüklərə nisbətən nadir hallarda rast gəlinir”.

Həkim qeyd edib ki, uşaqlarda sümük elastik olur: “Uşaqlarda qığırdaqlar özünü zamanla bərpa edir. Əgər belə bir hal baş verərsə, əməliyyata ehtiyac olmur”.

Travmatoloqun sözlərinə görə, yanlış korset istifadəsi zamanı menisk yırtığı yarana bilər: “Korsetin çəkisi çox önəmlidir, istifadə olunan korsetlərin yan tərəflərində dəmir lövhələrin olması zədələnməyə səbəb ola bilər. Buna görə ixtisaslı həkimlərə müraciət etmək lazımdır”.

Bənzər yazılar

0.38103008270264