Konfrans iştirakçılarının tədbirdən sonra Şuşa şəhəri ilə tanış olacaqlarını vurğulayan Azərbaycan Prezidenti qeyd edib:
“Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır.
Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Çünki biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq”.
Görüşün Şuşada keçirilməsinin xüsusi məna daşıdığını vurğulayan dövlətimizin başçısı bildirib: “Keçən ili mən “Şuşa İli” elan etmişdim, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi”.
“Azərbaycanda yaşayan insanlar kimi biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar”.
Dövlətimizin başçısı deyib: “Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. Əslində, həmin ölkələr işğal səbəbindən Ermənistanla heç diplomatik münasibətlər qurmayıblar. İnsanlar hesab edirdilər ki, İranın da həmin üç ölkə sırasında olması, həmrəyliyi nümayiş etdirməsi daha təbii olardı.
Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır. Bizim heç bir ölkə, xüsusən də qonşu ölkə ilə hər hansı problemin olmasına ehtiyacımız yoxdur. Lakin hər şey Laçın ilə Xankəndi arasında kameraları quraşdırdıqdan sonra baş verdi. Biz İran yük maşınlarının dövri olaraq Qarabağa hərəkət etdiyini ifşa etdik. Bu, tamamilə qanunsuz idi, çünki İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu cür işlərlə məşğul olmalı deyildi”, - deyə dövlətimizin başçısı əlavə edib.
“Azərbaycan ilə Çin arasında əla münasibətlər var. Si Cinpinin məni Çinin yaxşı dostu adlandırması əməkdaşlığımızın səviyyəsini nümayiş etdirməyə kifayətdir”.
Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşdırılması məsələsinə toxunan dövlətimizin başçısı deyib: “Səudiyyə Ərəbistanı bizim üçün qardaş ölkədir və bu ölkə ilə gözəl münasibətlərimiz var. Onlar bizə görə Ermənistanla diplomatik münasibətlər qurmayıb və bunun böyük əhəmiyyəti var. İran isə bizim qonşumuzdur və biz orada sabitlik və proqnozlaşdırıla bilinən vəziyyətin olmasının istəyirik”.
“Bizim Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərimiz var. Zonanın güclü qanunvericilik bazası var, qaydalar, fikrimcə, investorlar üçün cəlbedicidir. İlkin infrastruktur hazırda yaradılır. Biz bundan istifadə edərək, yeni istehsal sahələri və yeni biznes imkanları yaratmaq istəyirik.
Azərbaycanda yaxşılaşan biznes mühitinin olması, vergi və gömrük sahələrində böyük islahatların aparılması və ümumilikdə, bizim bütün maliyyə sistemimizin şəffaflığı istiqamətində həyata keçirilən islahatlar hesab edirəm ki, böyük potensial yaradır. Bundan əlavə, coğrafi yerləşməmiz. Dediyim kimi, Azərbaycan təkcə Şərq-Qərb deyil, Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bütün nəqliyyat imkanlarımız var, infrastruktur tam müasirləşdirilib. Yəni, potensial böyükdür. Yenə də deyirəm, bu imkanlara daha geniş baxılmalıdır. Sadəcə tranzit ölkəsi olmaq kifayət deyil”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.
“Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır”.
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dialoqun fəal olduğunu bildirən dövlətimizin başçısı deyib ki, bu, çox müsbət dinamikadır. “...Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
“Biz regionda ən böyük hava daşımaları şirkəti və Şərq-Qərb, Şimal-Cənub kimi dəhlizlərə çıxışla Qara dənizdə nəqliyyat mövcudluğumuzu fəal şəkildə artırmağa başlamışıq. Sözsüz ki, bu, böyük imkandır. Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq. Bu, bir növ bu günün reallığıdır”, - deyən Azərbaycan Prezidenti bunu daha da fəallaşdırmağın vacibliyini qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən konfransda ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şaferin “ABŞ Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü təşviq etməlidir və Ermənistanla Azərbaycan arasında sülhü təşviq etməlidir. Bu sözlər açıq-aşkar Sizin ərazi bütövlüyünüzü təşviq etmir. Bunun niyə belə olduğunu izah edin” sualına cavabında söyləyib ki, Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi mövcuddur.
Dövlətimizin başçısı deyib: "Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə onlar sanki bunu söyləyirlər, lakin, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi. Əlbəttə ki, biz buna daha çox həssas yanaşırdıq. İndi biz daha az həssasıq, çünki biz beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi görmüşük, Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişik. Ona görə də buna çox diqqət yetirmirik.
Uzun illər bundan əvvəl “Azərbaycanın nefti yoxdur” “Azərbaycanın qazı yoxdur” deyirdilər. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı “ümumavropa qaz təchizatçısı” adlandırıb. Bu, doğrudur.”
Dövlətimizin başçısı deyib: “Bu yaxınlarda mən söylədim ki, biz maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcəyik. Beləliklə, bu, onu göstərir ki, bizim layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyacımız var. Bu kompleksi davam etdirməyə ehtiyacımız var.
İstər regional inkişafla, istər beynəlxalq məsələlərlə, istərsə də ölkələrin ərazi bütövlüyü ilə bağlı siyasətimiz tamamilə aydındır. Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Biz artıq bunu görürük.
Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də “kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi ilə əlaqədardır”, - deyən dövlətimizin başçısı bildirib ki, Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün hazırda Azərbaycanın enerji ehtiyatlarına əvvəllər olduğundan daha çox ehtiyac var.
“Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır”.
Keçmiş Minsk qrupu həmsədrlərinin danışıqlarda yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduğumuzu deyən dövlətimizin başçısı bildirib: “Keçmiş Minsk qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər”.
Prezident İlham Əliyev, həmçinin deyib ki, Ermənistan ilə Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub.
“Bu il artıq Rumıniyaya qazın nəqli başlayıb. Yunanıstan, İtaliya və Bolqarıstana qaz nəql edilir, Albaniyada qazpaylayıcı şəbəkənin yaradılması layihəsinə sərmayə qoyuluşuna dair danışıqlar aparılır”.
Albaniyanın tranzit ölkəsi olmasına baxmayaraq, qazpaylayıcı şəbəkəyə malik olmadığını bildirən dövlətimizin başçısı deyib: “Biz həmin şəbəkənin yaradılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq. Hazırda biz 6 ölkəyə qaz ixrac ediriksə, işlər qrafik üzrə getsə və fors-major halları olmasa, ölkələrin sayı bir ilə 10 ola bilər. Bu, hələ yekun deyil.
Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var”.
Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Birləşmiş Ştatların enerji təchizatı marşrutlarının şaxələndirilməsində bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı hər zaman dəstəklədiyini bildirən dövlətimizin başçısı qeyd edib:
“Həmin illəri yaxşı xatırlayıram, çünki 1990-cı illərdə mən SOCAR-da işləyirdim və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin həyata keçirilməsində ABŞ-ın dəstəyinin nə dərəcədə vacib olduğunu çox yaxşı bilirəm. Həmin boru kəmərinə qarşı çıxan şəxslər də az deyildi”.