“Şindlerin siyahısı” filminin çəkildiyi məhəllədən REPORTAJ

 30-04-2023

Elə şəhərlər var ki, onların məşhurluğu paytaxtı həmişə kölgədə qoyub, ölkənin nəbzinin həmin şəhərdə atdığı düşünülüb. Bu gün Krakov da Polşa üçün məhz belə bir statusa sahibdir. Çünki bu qədim şəhər Polşanın əsas elm və mədəniyyət mərkəzidir. Kökü XIII əsrə söykənən “Rynek Główny” adlı əsas meydanında yeridikcə özünüzü birdən-birə qabarıq ziyafət geyimlərində əsilzadələrin təşkil etdiyi ballara qatılmağa gedirmiş kimi hiss edirsiniz.

Hətta küçələrdə turistləri gəzdirən at arabalarının sizin yavaş addımlarla şənliyə gecikəcəyinizi düşünüb yanınızda ayaq saxlayacağına ümid edirsiniz. Bircə Şostakoviçin “The Second Waltz”ı çatmır ki, gözəlliyin sehrinə qapılıb küçənin ortasında rəqs edəsiniz. Hə, bir də amerikalı kinorejissor Stiven Spilberqin “Holokost”un insanlıq üçün nəhəng qırmızı ləkə olduğunu göstərən şah əsəri “Şindlerin siyahısı”lə yaddaşımızda yer tutan, yəhudi qırğınını xatırladan kanalizasiya quyuları adamı qəfil yuxudan oyadır.

O quyular ki, insanlar ölməmək üçün üfunət qoxusuna rəğmən orada gizlənməyə çalışıblar. Hərçənd mərkəzdə yerləşənlər yəhudilərin gizləndiyi quyularla deyil, onlarla “Yəhudilər məhəlləsində” tanış olacağam, amma məkan fərqi olmadan hamısı üstünə elə bil qan və qorxu hopub.

Krakov sanki sadəcə gözəl deyil, həm də yorğun şəhərdir. Ruhuna çökmüş yəhudi qışqırıqları elə bil qulaqlarını qanadıb, divarlarını dağıdıb, işığına kölgə salıb. Əslində, bu gün arxitekturasına heyranlıqla tamaşa etdiyimiz bütün məkanların canlı rənglərini müharibələrin soyuq nəfəsi soldurub və vəhşi təbiətimiz ondan heç vaxt əl çəkə bilməyib. Bəlkə də, ona görə onlardan geridə qalmış izləri tarixə ekskursiya adı ilə görməyə meylliyik.

Bu meyl məndən də yan keçməyib, öz növbəmdə Krakovun seyrinə onun kilsələr, qalalarla əhatələnən mərkəzi meydanını tam gəzmədən elə qanlı-qadalı tarixindən, Kazimierz kimi də tanınan Yəhudi məhəlləsindən başladım. Bildirim ki, Kazimierz XIV əsrin əvvəllərində III Kazimirin göstərişi ilə ayrıca bir şəhər kimi salınıb. XIX əsrin əvvəllərinə kimi Krakovun “Old Town”unun cənubunda yerləşən, ondan Visla çayının bir qolu ilə ayrılan müstəqil şəhər statusunu qoruyub. XIX əsrdən sonra isə Krakovun məhəlləsinə çevrilib. Kazimierz uzun illər böyük bir yəhudi icmasına ev sahibliyi edib. Buranın yəhudi əhalisi əsrlər boyu bölgənin mədəniyyətinə, incəsənətinə və iqtisadiyyatına əsaslı töhfə verib. Onlar II Dünya müharibəsi vaxtı Krakov gettosuna, ölüm düşərgələrinə köçürülənədək bu yerdə yaşayıblar. Müharibədən sonra isə məhəllə uzun müddət istifadəyə yararsız vəziyyətdə olub. Nasist Almaniyasının viran qoyduğu məhəllə 50 ilə yaxın dağıntılar içərisində qalıb. 1990-cı illərdə isə “Schindler’s List” filminin çəkilişi üçün burada bərpa işlərinə başlanılıb. Düzü, nə qədər bərpa edilmiş olsa da, küçədə gəzəndə o köhnəliyi duyursunuz.

Holokost nəticəsində məhəllənin yəhudi əhalisi ciddi şəkildə azalsa da, hələ də burada yaşayan yəhudilər var. Onlar öz keçmişlərini qoruyurlar. Bu gün məhəllədə gənclərin üz tutacağı çoxlu sayda əyləncə məkanları mövcuddur. Hətta ən məşhur barlar, gecə klubları bu məhəllədə yerləşir. Yəni gözə görünən yerlərdə həyat həmişəki axarında davam edir, gur işıqlar, bol qəhqəhələr. Elə ki, ara küçələrə girirsiniz, orada fərqliliyin izləri ilə rastlaşırsınız. Divarlarda İsrail bayrağında da öz əksini tapmış, yəhudilərin simvolu olan “Davud ulduzu”nun çəkildiyini, yəhudi əlifbası ilə hansısa sözlərin yazıldığını görürsünüz. “Şindlerin siyahısı”dəki məkanlara da rast gəlirsiniz. Bəzi yerlərə məhz filmdən səhnələri əks etdirən fotolar, məlumat lövhələri yerləşdirilib ki, oradan keçəndə artıq həmin ərazinin filmin səhnələşdirildiyi məkanlardan biri olduğunu bilərsiniz. Onları canlı olaraq görmək həyəcanvericidir, insana filmi ikinci dəfə izlətdirir.

Bu məhəllənin ən önəmli tikililəri və abidələri isə Qalisiya Yəhudi Muzeyi, sinaqoqlar, xüsusilə də Köhnə sinaqoq, Etnoqrafiya muzeyi, Korpus Kristi Basilikasıdır. Kazimierzdəki sinaqoqlar unikal memarlığı, zəngin tarixi və mədəni əhəmiyyəti ilə tanınırlar. Onlar arasında Köhnə sinaqoqun daha məşhur olma səbəbi isə onun Polşadakı ən qədim sinaqoq olmasıdır. XV əsrin sonlarında inşa edilmiş sinaqoq Avropadakı yəhudi memarlığının ən qiymətli nümunələrindən hesab olunur. Rəvayətə görə, tikintisində mismardan istifadə edilməyib. Ancaq bu sadəcə bir iddiadır. Ötən dövr ərzində sinaqoq bir neçə dəfə bərpa edilib. Ulduzlar, çiçək motivləri və ibrani yazıları ilə bəzənmiş tağlı tavana malikdir. İkinci Dünya müharibəsi başlayana qədər Krakovda yəhudi icmasının əsas dini və təşkilati mərkəzi olub. İkinci Dünya müharibəsi dövründə isə nasistlər tərəfindən tamamilə talan edilib və müxtəlif məqsədlər üçün, hətta anbar kimi də istifadə edilib. Müharibədən sonra, 1950-ci illərdən etibarən Köhnə sinaqoqun əvvəlki şöhrətini bərpa etmək üçün səylər göstərilib və 1956-1959-cu illərdə genişmiqyaslı təmir işləri aparılaraq bərpa edilib. Hazırda Krakovda Tarixi Muzeyinin yəhudilərdən bəhs edən bölməsi kimi fəaliyyət göstərir. Burada yəhudi həyatı, tarixi və mədəniyyəti ilə bağlı zəngin eksponatları, o cümlədən dini abidələr, incəsənət əsərləri görə bilərsiniz. Bu gün sinaqoq həm də yəhudi dirçəlişinin simvoludur, onların dözümlülüyünü simvolizə edir.

Kazimierzdə yerləşən Qalisiya Yəhudi Muzeyi də Köhnə sinaqoqla təxminən eyni missiyanı icra edir. 2004-cü ildə YUNESKO-nun professoru Conatan Uebber və britaniyalı fotojurnalist Kris Şvarsın təşəbbüsü ilə yaradılmış muzey tarixi Qalisiya bölgəsinin yəhudi irsinin qorunması və təbliği ilə məşğuldur. Burada da ziyarətçilər fotofaktlarla yəhudi adət-ənənələri, tarixi və mədəniyyəti haqqında məlumatlandırılır. Muzeydə yəhudi mədəniyyətinin, yəhudilərin müasir problemlərinin müxtəlif aspektlərinin araşdırıldığını göstərən müvəqqəti sərgilər də var. Muzeyin əsas sərgisi isə “Yaddaşın izləri” adlanır. Oradakı fotoşəkillərlə Qərbi Qalisiyadakı 800 illik yəhudi varlığı xatırladılır. Beş hissəyə ayrılan sərginin bir hissəsi də Auşvitz ölüm düşərgəsinə həsr olunub. Muzey mütəmadi müxtəlif mədəni tədbirlərə ev sahibliyi edir.

Yəhudi məhəlləsində yerləşən, qotika memarlığı nümunəsi olan Korpus Kristi Bazilikası isə Krakovun ən qədim və əhəmiyyətli katolik kilsələrindəndir. XIV əsrdə inşa edilmiş kilsə müxtəlif dövrlərdə bir neçə dəfə bərpa edilib və həmin bərpa proseslərində onun dizaynına barokko elementləri də daxil edilib. Bu kilsədə tarixən Polşa krallarının tacqoyma mərasimi icra olunub. Bundan əlavə Korpus Kristi bayramı da daxil olmaqla mühüm dini və mədəni tədbirlər də məhz bazilikada keçirilib. Bazilikanın interyeri freskalar, vitraj pəncərələrlə bəzədilmiş hündür sütunlar və tağlı tavanı ilə seçilir. Kilsənin həm xarici, həm də daxili görünüşü olduqca maraqlıdır.

Krakovun Yəhudi məhəlləsi ancaq tarixi tikililərlə yox, həm də yeməyi ilə məşhurdur. Belə ki, polyakların “zapekanka” adlı məşhur küçə yeməyini Krakovda ancaq burada tapa bilərsiniz. Pendir, kolbasa, tərəvəz və soslarla hazırlanan yeməyin müxtəlif növləri mövcuddur və hamısı olduqca məşhurdur. Sadəcə turistlər deyil, hətta Krakov sakinləri də məhəlləyə tez-tez zapekanka yemək üçün üz tuturlar.

Diqqətinizə çatdırım ki, nəinki Kazimierzdə, bütövlükdə Krakovda yəhudi qırğınını xatırladan çoxsaylı abidələr mövcuddur. “Şindlerin siyahısı” filminin bir neçə səhnəsinin çəkildiyi Şindler fabriki muzeyi, Auşvitz ölüm düşərgəsi və Getto Qəhramanları Meydanı da bunlar arasındadır. İlk iki tarixi məkana getmə imkanım olmasa da, zapekankanı dadıb məhəlləni tərk etdikdən sonra Kazimierzdən Visla çayı ilə ayrılan meydana yollandım. İkinci Dünya müharibəsinə kimi bu ərazi Podgorze rayonunun Zqodi Meydanı kimi tanınıb. Müharibə vaxtı isə Krakov gettosuna çevrilib. Yəhudilər Auşvits, Beljets düşərgələrinə göndərilmədən əvvəl burada toplanıblar. 2005-ci ildə öldürülən insanların xatirəsinə meydana 70 böyük stul yerləşdirilib. Hər stul min insan həyatını təmsil edir. Kənardan çox sadə təsir bağışlayan bu boş stullar müharibədən geridə qalan tək şeyi, yoxluğu göstərirlər. Krakova gələn hər kəsin bu məkanları görməli olduğunu düşünürəm.

“Report” İnformasiya Agentliyi

Bənzər yazılar

0.27318382263184