Hande Harmancı: “Yoluxmanın azalması bizi arxayınlaşdırmamalıdır, pandemiya bitməyib”

 28-04-2023

“Koronavirusa yoluxma hallarının azalması bizi arxayınlaşdırmamalıdır və özümüzü qorumağa davam etməliyik”.

“Report”un Qərb bürosu xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı İmmunlaşdırma Həftəsi ərzində Göygöl rayonunda təşkil edilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, koronavirusa yoluxmanın bütün dünyada olduğu kimi Azərbaycanda da azaldığını söyləyib:

“Ümid edirik ki, koronavirus pandemiyası tez bir zamanda tamamilə bitəcək. Lakin virusa yoluxmanın azalması bizi arxayın etməməlidir. Biz valideyn olaraq uşaqlarımızı qorumaq üçün əlimizdən gələn hər şeyi edirik. Uşaqlarımıza bütün lazımi peyvəndləri vaxtında vurdurmağımız onları qorumaq üçün ata biləcəyimiz ən yaxşı addımdır. Ümid edirəm ki, immunlaşdırma kampaniyası bu mesajı bütün ailələrə çatdırmağa kömək edir. Biz bütün tərəfdaşlarımızla birlikdə dövrümüzün ən vacib, insan həyatını xilas edən vasitə hesab olunan peyvəndləri təbliğ etməyə davam edəcəyik. Azərbaycanda uşaqlar arasında riskli xəstəlik qeydə alınmayıb”, - H.Harmancı bildirib.

O, vurulan peyvəndlərin uşaqların həyatını xilas etməsi üçün çox önəmli olduğunu vurğulayıb:

“Bütün Avropa ölkələrində qızılca xəstəliyinə yoluxmada artım qeydə alınır. Bu da uşaqlar üçün çox ölümcül bir xəstəlikdir. Şükürlər olsun ki, Azərbaycanda həmin xəstəliyə yoluxmaqla əlaqədar narahatlıq yoxdur. Ümumiyyətlə Azərbaycanda uşaqlar arasında yayılan riskli bir xəstəlik qeydə alınmayıb.

Ancaq bu, xəstəliklərə əhəmiyyət verməmək və arxayınlaşmaq üçün əsas deyil. Mən buradan bütün valideynlərə səslənmək istəyirəm ki, əgər övladınıza qızılca əleyhinə peyvəndi vurdurmamısınızsa, körpənin ikinci ayından başlayaraq 11 yaşına qədər həmin peyvəndin vurulması çox önəmlidir. Bundan əlavə, digər əsas peyvəndləri vurdurmaq da vacibdir. Azərbaycandakı bütün peyvəndlər isə ÜST tərəfindən standartları təsdiq edilmiş keyfiyyətli və təhlükəsiz peyvəndlərdir. Bütün valideynlərə övladlarının peyvənd etdirmələrini tövsiyə edirəm.

Biz valideyn olaraq uşaqlarımızı qorumaq üçün əlimizdən gələn hər şeyi edirik. Uşaqlarımıza bütün lazımi peyvəndləri vaxtında vurdurmağımız onları qorumaq üçün ata biləcəyimiz ən yaxşı addımdır.

Ümid edirəm ki, immunlaşdırma kampaniyası bu mesajı bütün ailələrə çatdırmağa kömək edir. Biz bütün tərəfdaşlarımızla birlikdə dövrümüzün ən vacib, insan həyatını xilas edən vasitə hesab olunan peyvəndləri təbliğ etməyə davam edəcəyik”, - H.Harmancı bildirib.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən Avropa İmmunlaşdırma Həftəsində Qobustan, Yevlax, Mingəçevir və Göygöl rayonlarında peyvəndlərlə bağlı maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edilib.

Bənzər yazılar

0.38654208183289