Bu ilin aprel ayının 25-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi 4 və Əliheydər Qarayev küçəsi 84C və 84F ünvanlarında yerləşən obyektin tikintisinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 5 332,3 kv. metr olan obyektin sifarişçisi “Gazelli Group” MMC-dir.
Məlumat üçün bildirək ki, “Gazelli Group” MMC-nin sahibi "Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. Nizamnamə kapitalı 41 milyon 160 min manat olan “Gazelli Group” MMC 08.05.2009-cu tarixində dövlət qeydiyyatına alınıb.
Zərifə Həmzəyeva eyni zamanda nizamnamə kapitalı 154 milyon 601 min 370 manat olan “Premium Bank” ASC-nin səhmlərinin 84,48%-nə sahibdir. Bundan başqa Nabranda yerləşən və 11 hektar ərazini əhatə edən “River İNN Boutique Spa Hotel” də Zərifə Həmzəyevaya məxsusdur.
Onu da qeyd edək ki, son günlər mətbuatda ən çox müzakirə olunan mövzulardan biri AZAL-ın yığılmış zərərinin 1 milyard 763 milyon 916 min manata çatmasıdır. Eyni zamanda ötən gün məlum olub ki, Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın rəhbərlik etdiyi və Londonda qeydiyyata alınan “Gazelli International Limited” şirkətinin də borcu son bir ildə 1,05 milyon funt-sterlinq artaraq 14,31 milyon funt-sterlinqə (30,5 milyon manat) yüksəlib.
Müəllif A. Cəfərov
Mənbə Yeniavaz.com